Ordu.az xəbər verir ki, 2026-cı il aprelin 24-də açıqlanan razılaşmalar raketlərin uçuşunun erkən mərhələsində məhv edilməsinə yönəlmiş kosmos əsaslı önləyicilərin hazırlanmasını əhatə edir.
Seçilmiş 12 podratçı arasında “SpaceX”, “Northrop Grumman”, “Lockheed Martin” və “Anduril Industries” kimi müdafiə və texnologiya nəhəngləri yer alır. Son bir neçə ay ərzində Kosmik Qüvvələr önləyici sistemlər və əlaqəli texnologiyaların müxtəlif komponentlərini əhatə edən təxminən 20 ayrı müqavilə imzalayıb.
Çox təbəqəli kosmik müdafiə arxitekturası
“Golden Dome” proqramı Donald Tramp administrasiyasının əsas təşəbbüslərindən biri kimi önə çıxır. Layihə kosmos əsaslı platformalardan istifadə etməklə çox təbəqəli raketdən müdafiə sistemi yaradılmasını hədəfləyir.
Sistemin əsas konsepsiyası ballistik, qanadlı və hipersəs raketlərini sürətlənmə mərhələsində aşkarlayıb məhv edə biləcək orbital peyk qruplaşmasının yerləşdirilməsinə əsaslanır. İlk nümayiş sınaqlarının 2028-ci ildə keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, ABŞ Kosmik Qüvvələrinin generalı Maykl Getlayn 2025-ci ilin sentyabrında proqramın hazırlanmasına dair ətraflı plan işlərini tamamlamışdı.
Digər tərəfdən özəl sektor da proqrama uyğunlaşmaq üçün işlərini sürətləndirib. Bu çərçivədə ABŞ-nin “Cummings Aerospace” şirkəti “Golden Dome” milli raketdən müdafiə sisteminə inteqrasiya üçün xüsusi şəkildə modifikasiya edilmiş “Hellhound S4” reaktiv pilotsuz uçuş aparatının yenilənmiş versiyasını təqdim edib.
Bundan əvvəl “Militarnyi” “Golden Dome” sisteminin hazırlanma xərcinin 185 milyard dollara yüksəldiyini bildirmişdi. Bu rəqəm əvvəlki proqnozlardan 10 milyard dollar çoxdur. Əlavə büdcənin sistemin kritik kosmos əsaslı komponentlərinin daha sürətli istifadəyə verilməsi məqsədilə ayrıldığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az