Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “World Policy Conference” çərçivəsində keçirilən “Avropa İttifaqı strateji tərəfdaş kimi: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya perspektivləri” mövzusunda panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, “TRIPP layihəsinə dəstək” ifadəsi Vaşinqtonda əldə olunmuş razılaşmaların ən dəqiq təsviri deyil.
“Çünki birincisi, TRIPP tam şəkildə Ermənistana məxsus layihədir, ikincisi isə Ermənistan özü regionda kommunikasiyaların açılmasında çox maraqlıdır. TRIPP yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə deyil. Bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə, həmçinin qarşılıqlı faydanın təmininə yönəlmiş daha genişmiqyaslı və strateji layihədir. Praktiki olaraq bu, Ermənistanın cənub hissəsinin Naxçıvan dəmir yolu vasitəsilə şimal hissəsi ilə birləşdirilməsi deməkdir. Blokadanın aradan qaldırılması nəticəsində təkcə Şərqlə Qərbi deyil, həm də Fars körfəzi ilə Qara dənizi birləşdirmək imkanı yaranacaq ki, bu da bütün region üçün nəhəng dəyişiklik olacaq.
Biz həmin layihənin həyata keçirilməsində çox maraqlıyıq. Amerikalı tərəfdaşlarla Ermənistanda Ermənistan-ABŞ birgə müəssisəsinin necə yaradılacağı ilə bağlı aktiv danışıqlar gedir. Biz artıq yalnız texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına deyil, regionun özündə kommunikasiyaların qurulmasına da başlamışıq. Məsələn, avqustun 8-dən etibarən Qazaxıstandan Azərbaycan və Gürcüstanın dəmir yolu xətləri vasitəsilə buğda idxalı presedenti var. Bu, regional əməkdaşlığın necə işləyə biləcəyinin və əlavə qarşılıqlı asılılıqların yaradılmasının sabitlik və sülhün təmininə necə ciddi töhfə verə biləcəyinin parlaq nümunəsidir”, - deyə Kostanyan qeyd edib.
Ermənistan və Azərbaycana gəlincə, Kostanyan bildirib ki, avqustun 8-dən etibarən hər iki ölkənin rəhbərləri dəfələrlə sülhün artıq bərqərar olduğunu bəyan ediblər.
“Hazırda iqtisadi əlaqələrin dərinləşdirilməsi yolu ilə “sülhün institusionallaşdırılması” prosesi gedir. Biz artıq Azərbaycandan yanacaq idxal etməklə ikitərəfli birbaşa ticarətə başlamışıq və ümid edirik ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların siyahısını da dəqiqləşdirəcəyik. Eyni zamanda insanlararası təmaslar istiqamətində işləyirik. Vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri təkcə xaricdə deyil, elə Ermənistanda və Azərbaycanda da təşkil olunur”, - deyə o bildirib.
Kostanyan Gürcüstanla yaradılmış üçtərəfli məsləhətləşmə formatının əhəmiyyətini də vurğulayıb və regional əməkdaşlığın təkcə üç dövlət arasında deyil, daha geniş qonşuluq çərçivəsində də böyük perspektivlərə malik olduğunu bildirib.
Alpər Mövludoğlu
Ordu.az