Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Panel müzakirəsinin digər iştirakçıları Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kuleba, həmçinin Qazaxıstanın Avropa İttifaqı, NATO, Belçika və Lüksemburqdakı səfiri Roman Vasilenko olub.
Kostanyanın sözlərinə görə, Ermənistan sadəlövh şəkildə düşünmür ki, ölkə 2028-ci ildə və ya 2030-cu ildə Avropa İttifaqının üzv dövləti olacaq.
“Əvvəlcə qeyd edim ki, “TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsinə dəstək vermək” Vaşinqtonda əldə olunmuş razılaşmaların ən dəqiq təsviri deyil. Çünki birincisi, TRIPP elə layihədir ki, onun tam sahibi Ermənistandır, ikincisi isə biz regionda kommunikasiyaların açılmasında özümüz ciddi maraqlıyıq. TRIPP yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə deyil. Bu, Mərkəzi Asiyanı Avropa ilə birləşdirmək, həmçinin qarşılıqlı faydanın təmin olunması öhdəliyini anlamaq baxımından daha böyük və strateji layihədir. Bu, praktiki olaraq həm də o deməkdir ki, Ermənistanın cənub hissəsi Naxçıvan dəmir yolu vasitəsilə ölkənin şimal hissəsi ilə birləşdirilə bilər. Baş verəcək blokadadan çıxma prosesi ilə biz yalnız Şərqi Qərblə deyil, həm də Körfəzi Qara dənizlə birləşdirmək imkanı əldə edəcəyik. Bu isə bütün region üçün nəhəng dəyişiklik olacaq.
Biz bu layihənin həyata keçirilməsində çox maraqlıyıq. Ermənistan-ABŞ birgə müəssisəsinin necə yaradılacağı ilə bağlı amerikalı tərəfdaşlarla aktiv müzakirələr aparılır. Biz artıq yalnız texniki-iqtisadi əsaslandırma araşdırmasına yox, həm də regionda kommunikasiyaların açılması prosesinə başlamışıq. Çünki avqustun 8-dən sonra, məsələn, Qazaxıstandan Azərbaycan və Gürcüstanın dəmir yolu sistemləri vasitəsilə taxıl idxalı presedenti yaranıb. Bu, regional əməkdaşlığın necə işləyə biləcəyinin və regionda əlavə qarşılıqlı asılılıqların yaradılmasının sabitlik və sülhün bərqərar olmasına necə ciddi töhfə verə biləcəyinin parlaq nümunəsidir”, - deyə o qeyd edib.
Kostanyanın qiymətləndirməsinə görə, Azərbaycan və Ermənistan liderləri avqustun 8-dən sonra dəfələrlə bildiriblər ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub.
“Ermənistan və Azərbaycana gəlincə, hər iki ölkənin liderləri avqustun 8-dən sonra dəfələrlə bildiriblər ki, Ermənistanla Azərbaycan arasında sülh artıq bərqərar olub. Hazırda gedən prosesləri isə biz “sülhün institusionallaşdırılması” adlandırmağa üstünlük veririk. Bunun çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və dərinləşdirilməsi istiqamətində növbəti addımlar atılır. Biz artıq Azərbaycandan yanacaq idxalı ilə ikitərəfli birbaşa ticarətə başlamışıq və ümid edirik ki, yaxın gələcəkdə bu yenidən baş verəcək. Ermənistandan Azərbaycana nə ixrac ediləcəyi də artıq dəqiqləşdirilib.
Eyni zamanda insanlararası təmaslar istiqamətində də işləyirik. Vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər təşkil olunur. Diqqətçəkən məqam odur ki, biz görüşləri yalnız xarici ölkələrdə yox, həm Ermənistanda, həm də Azərbaycanda keçiririk. Həmçinin gürcü tərəfdaşlarımızla birlikdə təsdiqlənmiş çox mühüm formatımız var. Bu, xarici işlər nazirlikləri arasında üçtərəfli məsləhətləşmələr formasındadır və mən də, gürcü həmkarım Laşa da şəxsən bu prosesə cəlb olunmuşuq.
Burada da biz yalnız üç dövlət, Ermənistan, Gürcüstan və Azərbaycan arasında yox, həm də daha geniş qonşuluğumuzla regional əməkdaşlığın böyük perspektivini görürük”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az