Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Ümumdünya Siyasət Forumunda keçirilən “Avropa İttifaqı strateji tərəfdaş kimi: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya perspektivləri” adlı panel müzakirəsində bildirib.
“İki il əvvəl biz qeyri-adi zamanlarda yaşayırdıq, lakin bu gün vəziyyət daha mürəkkəbdir. Bu isə o deməkdir ki, ənənəvi yanaşmalar həmişə effektiv olmur və ya yalnız ayrı-ayrı hallarda nəticə verir. Buna görə də indi bizə həqiqətən qeyri-standart həllər və addımlar lazımdır.
Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin yolunda ən qeyri-adi mərhələlərdən biri ötən ilin martında Ermənistan parlamentinin qəbul etdiyi qanun oldu. Həmin qanun üzvlük prosesinə başlamağa imkan verir. Bu, Ermənistan hökumətinin və erməni xalqının gələcəyini harada gördüyünü göstərən aydın siyasi ifadədir.
Eyni zamanda, əlbəttə ki, Ermənistanın 2028 və ya 2030-cu ildə Avropa İttifaqına üzv olacağına dair sadəlövh illüziyalarımız yoxdur”, - deyə o qeyd edib.
Kostanyan əlavə edib ki, lakin bu, Ermənistanın fəaliyyət istiqamətini göstərən siyasi bəyanatdır.
Alpər Mövludoğlu
Ordu.az