Aİ nümayəndəliyi: Ermənistan üçün nəzərdə tutulan Aİ yardımında heç bir gecikmə və ya yenidən bölgü olmayıb

2026/04/1775489688.jpg
Oxunub: 370     19:28     27 Aprel 2026    
Ermənistanda Avropa İttifaqının nümayəndəliyi erməni KİV-lərində Avropa İttifaqının Ermənistana maliyyə yardımının Avropa İttifaqı büdcəsindəki kəsir və Ukrayna üçün xərclərin prioritet olması səbəbindən təxirə salınması barədə yayılan məlumatları qəti şəkildə təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə nümayəndəliyin Ermənistanın “News.am” nəşrinin sorğusuna rəsmi cavabında bildirilib.

Ermənistanın “Joğovurd” qəzeti yazmışdı ki, aprelin 14-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistana vəd edilmiş 50 milyon avro yardımın ayrılmasının gecikdirildiyini bildirib.

“News.am”ın sorğusuna cavab olaraq Avropa İttifaqı nümayəndəliyindən bildirilib ki, belə məsələ ümumiyyətlə müzakirə olunmur.

“Bu cür iddiaları qətiyyətlə təkzib etmək istərdik. Ermənistan üçün nəzərdə tutulmuş Avropa İttifaqı yardımında heç bir gecikmə və ya yenidən bölgü olmayıb. Əksinə, biz əməkdaşlığımızı gücləndiririk”, - deyə cavabda qeyd edilir.

Təsdiq kimi nümayəndəlik Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun mart ayında baş tutmuş səfərinə istinad edib.

“Ermənistanın maliyyə dəstəyi paketi sonuncu dəfə komissar Marta Kosun mart ayındakı səfəri zamanı müzakirə olunub. Həmin səfər çərçivəsində Ermənistan üçün 270 milyon avro dəyərində “Dayanıqlılıq və Artım Proqramı”nın ikinci mərhələsinin imzalanması plan üzrə həyata keçirilib.

Digər investisiya layihələri də davam edir. Bunlara özəl sektor, regional inkişaf və infrastruktur sahələri daxildir. Həmin investisiyalar və Avropa İttifaqının maliyyələşdirdiyi bütün cari layihələr barədə məlumat, o cümlədən rəsmi saytımızda mövcuddur.

Mayın 5-də İrəvanda keçiriləcək Avropa İttifaqı-Ermənistan sammiti zamanı ikitərəfli münasibətlərin daha da gücləndirilməsi ilə bağlı məsələlərin, xüsusilə energetika, nəqliyyat, rəqəmsal texnologiyalar sahəsində bağlantılar və insanlararası təmasların müzakirəsi nəzərdə tutulur”, - deyə cavabda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan    


Bizi "telegram"da izləyin