Şimali Koreyada “Müharibə qəniməti” sərgisi: Türkiyə istehsalı KİRPİ Pxenyanda!

2026/04/1777294768.jpg
Oxunub: 518     16:51     27 Aprel 2026    
Şimali Koreya 2026-cı il aprelin 26-da açılışını həyata keçirdiyi “Xarici Hərbi Əməliyyatlar Xatirə Muzeyi” ilə Ukrayna sahəsindən ələ keçirilən döyüş vasitələrini ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, sərgidə önə çıxan ən kritik detallardan biri Türkiyə müdafiə sənayesi məhsullarının da bu sərgidə yer alması olub.

Sərgidə Ukrayna Ordusundan ələ keçirilən Türkiyə müdafiə sənayesi istehsalı KİRPİ ailəsinə məxsus vasitələrin olduğu görüldü. Xüsusilə KİRPİ-I və KİRPİ-II konfiqurasiyalarının muzeydə yer alması Türkiyə zirehli vasitələrinin sahədə geniş istifadəsini və müxtəlif coğrafiyalara uzanan əməliyyat izini bir daha ortaya qoyub.

Bundan əlavə, Almaniyanın “Leopard” 2A4 əsas döyüş tankı, Fransanın AMX-10RC zirehli kəşfiyyat vasitəsi və ABŞ istehsalı M1 “Abrams” əsas döyüş tankı da Şimali Koreyaya gətirilən zirehli quru platformaları arasında yer alın.

Açılış mərasimində iştirak edən Şimali Koreya lideri Kim Çen In sərgilənən sistemləri yerində araşdırıb. Kimin xüsusilə müxtəlif ölkələrə məxsus zirehli platformalara maraq göstərdiyi və texniki detallar barədə məlumat aldığı bildirilib.

Mərasimdə həmçinin Rusiyanın müdafiə naziri Andrey Belousovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinin də iştirak etməsi sərginin yalnız bir muzey açılışı olmaqdan daha çox, Moskva-Pxenyan xəttində hərbi əməkdaşlığın simvolik göstəricisi kimi qiymətləndirilir.

Sahədən muzeyə uzanan xətt

Şimali Koreyanın Ukrayna müharibəsində dolayı və birbaşa iştirakına dair proses 2024-cü ildən etibarən sürət qazanmışdı. Rusiyanın Kursk vilayətində yerləşdirilən Şimali Koreya bölmələri ilə birlikdə sahədə əldə edilən avadanlıqların bir qisminin nümayiş məqsədilə sərgilənməsi yeni informasiya və qavrayış əməliyyatı kimi qiymətləndirilir.

KİRPİ zirehli vasitəsi

Bu çərçivədə Türkiyə istehsalı KİRPİ vasitələrinin sərgidə yer alması yalnız taktiki itki və ya qənimət məsələsi deyil, eyni zamanda Türkiyə müdafiə sənayesi məhsullarının münaqişə sahələrində görünürlüğünün və təsirinin müxtəlif aktorlar tərəfindən də yaxından izlənildiyini göstərir.

KİRPİ-nin xüsusiyyətləri

Türkiyə müdafiə sənayesi tərəfindən hazırlanan KİRPİ minaya və pusquya qarşı dayanıqlı (MRAP) sinfə məxsusdur və xüsusilə şəxsi heyətin təhlükəsizliyini prioritetləşdirən dizayn yanaşması ilə hazırlanıb.

Vasitə V formalı gövdə quruluşu sayəsində mina və əldəqayırma partlayıcı qurğu partlayışlarının təsirini dağıdaraq ekipajın sağ qalma ehtimalını artıracaq şəkildə dizayn edilib. KİRPİ NATO standartlarında yüksək ballistik mühafizə təmin edən zireh quruluşuna malikdir və kiçik çaplı silahlar və qəlpə təsirlərinə qarşı effektiv mühafizə təqdim edir.

Platforma 13 nəfərə qədər daşıma tutumu ilə sürücü, komandir və tam təchizatlı piyada elementləri daxil olmaqla şəxsi heyətin daşınması tapşırıqlarında istifadə edilə bilir. Vasitədə yer alan müstəqil asqı sistemi və yüksək şassi quruluşu çətin ərazi şəraitində yüksək hərəkət qabiliyyəti və sürüş sabitliyi təmin edir.

KİRPİ uzaqdan idarə olunan silah sistemləri ilə təchiz edilə bilir və bu sayədə ekipajın vasitənin içindən təhlükəsiz şəkildə atəş gücündən istifadə etməsinə imkan yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   KİRPİ  


Bizi "telegram"da izləyin