XİN: Gürcüstana nə “qaranlıq keçmiş”, nə də belə təhdidlər lazımdır

2026/04/1777294277.jpg
Oxunub: 294     16:45     27 Aprel 2026    
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının səfiri Pavel Herçinskinin Brüsseldə Gürcüstanla bağlı səsləndirdiyi fikirləri şərh edərək onunla keçirdiyi görüşə münasibət bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Nazirin sözlərinə görə, diplomatın verdiyi izahlara baxmayaraq, faktlar və hərəkətlər dəyişməz olaraq qalır. O əlavə edib ki, bu gün müşahidə olunan mənzərə qəbuledilməzdir.

Boçorişvili vurğulayıb ki, Gürcüstan hakimiyyəti ölkənin hansı yolayrıcında olduğunu hamıdan yaxşı görür və anlayır, buna görə də ölkəyə nə qaranlıq keçmiş, nə də bu cür təhdidlər lazımdır.

“Gürcülərdən də yaxşı, xalqın seçdiyi hakimiyyətdən də yaxşı heç kim ölkəmizin hansı seçim qarşısında qaldığını anlaya bilməz. Gürcü xalqının iradəsi ölkə rəhbərliyinin seçilməsi ilə ifadə olunub. Hakimiyyət məhz xalqın iradəsini təmsil edir.

Buna görə də hakimiyyət Gürcüstanın hansı yolayrıcında olduğunu, risklərin qarşısının alınmasının və sabitliyin ölkənin təhlükəsizliyi üçün nə qədər vacib olduğunu daha yaxşı hiss edir. Bizə cəmiyyətin parçalanmasının və radikal gündəmlərin təşviqi lazım deyil. Bizə qaranlıq keçmiş və belə təhdidlər lazım deyil”, - deyə nazir bildirib.

Boçorişvili, həmçinin qeyd edib ki, Brüsselin bəyanatları, addımları və Gürcüstan hakimiyyətinə münasibəti qəbuledilməzdir, çünki bunlar cəmiyyəti parçalamağa yönəlib. Onun sözlərinə görə, cəmiyyətdə qütbləşmə yaradan və radikal gündəmi təşviq edən hər şey qəbuledilməzdir.

Nazir əlavə edib ki, Gürcüstan vicdanlı tərəfdaşdır və Avropa İttifaqının maraqlarına zərər verə biləcək heç bir addım atmayıb. Buna görə də Tbilisi Brüsseldən Gürcüstana layiq olduğu münasibəti gözləyir. Qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər bərpa olunmasa, mövcud gərginlik davam edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Boçorişvili  


Bizi "telegram"da izləyin