Ordu.az xəbər verir ki, bu barədə “Al Mayadeen” televiziya kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İran tərəfi tələb edir ki, danışıqların birinci mərhələsi müharibənin dayandırılmasına və İranla Livana qarşı hərbi əməliyyatların yenidən başlanmayacağına dair təminatların alınmasına yönəlsin. Tehran şərtlərinə görə, bu mərhələdə başqa heç bir məsələ müzakirə olunmayacaq. Bu məsələ üzrə razılıq əldə edilərsə, ikinci mərhələdə Oman tərəfi ilə koordinasiya şəraitində müharibədən sonra Hörmüz boğazının idarə olunması məsələsi müzakirə ediləcək.
İranın təklifinə əsasən, üçüncü mərhələ Tehranın nüvə dosyesinə həsr olunacaq. Telekanal vurğulayır ki, İran tərəfi ilk iki mərhələ üzrə razılıq əldə olunmadan bu məsələnin müzakirəsindən imtina edir.
“Al Mayadeen”in məlumatına görə, əgər ABŞ müvafiq danışıqlar planını qəbul etsə, İran növbəti mərhələyə razılıq verəcək.
2026-cı il aprelin 11-də İran və ABŞ Islamabad şəhərində bir neçə raund danışıqlar keçirib. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirilib ki, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli üzrə razılığa gələ bilməyiblər. Danışıqların yeni mərhələsinin detalları naməlum qalır.
Sevinc Əliyeva
Ordu.az