“The Intercept”: MKİ Soyuq müharibə illərində Şimali Koreyadan əsir götürülənlər üzərində təcrübələr aparıb

2026/04/photo-1777294182.jpg
Oxunub: 373     16:38     27 Aprel 2026    
Ötən əsrin ortalarında ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) şimali koreyalı hərbi əsirlər üzərində zehinə nəzarət təcrübələri aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Intercept” portalı idarənin məxfilikdən çıxarılmış sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, sınaqlar ABŞ-nin MKİ-si tərəfindən 1950-ci və 1960-cı illərdə insan psixologiyasını idarə etmək məqsədilə narkotik vasitələrin istifadəsi imkanlarını araşdırmaq üçün həyata keçirilən “MK-Ultra” proqramı çərçivəsində aparılıb.

Bildirilir ki, Koreya Xalq Demokratik Respublikasından əsir götürülən hərbçilər poliqraf (yalan detektoru) yoxlamalarına məruz qalıb, həmçinin daha qəddar xarakterli sınaqlara hazırlıq görülüb. ABŞ ilə yanaşı, bu təcrübələr Koreya yarımadasında və Yaponiyada da keçirilib.

Nəşrin məlumatına görə, bu proses zamanı hərbi qulluqçular poliqraf operatoru, eləcə də psixiatr və psixoloqlardan ibarət qrupdan istifadə edərək hərbi əsirlər üzərində təcrübələr aparıblar.

Sənədlərdə qeyd olunur ki, insanlar üzərində sınaq proqramı barədə ilk qeyd 1950-ci ilə aid xidməti yazışmada yer alıb. Həmin sənəddə poliqrafın, müxtəlif dərmanların və hipnozun “şəxsə nəzarət məqsədilə” tətbiqi ətraflı təsvir olunub. Daha sonra yazılmış digər sənəddə isə insana iynədən istifadə etmədən gizli şəkildə sakitləşdirici maddə yeritməyə imkan verən “hiposprey” adlı qurğulardan bəhs edilir. Həmçinin “gözyaşardıcı qazlı qələm” və digər “fəaliyyəti naməlum qurğular” da xatırlanır.

2024-cü ilin sonlarında National Security Archive ABŞ hökumətinin məxfilikdən çıxarılmış sənədlərini dərc edib. Həmin sənədlərə görə, 1952-ci ildə MKİ Sovet İttifaqının xeyrinə işləməkdə şübhəli bilinən iki nəfərin dindirilməsi zamanı narkotik vasitələr və hipnoz tətbiq edib. Təşkilat digər sənədləri də yayıb və vurğulayıb ki, bunlar idarə əməkdaşlarının narkotik vasitələr, hipnoz, təcrid, hissiyyat məhrumiyyəti və digər ifrat üsullardan istifadə etməklə insanlar üzərində dəhşətli təcrübələr aparmasına aiddir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimali-Koreya  


Bizi "telegram"da izləyin