Körfəzdəki müharibə dərs oldu: Afrika ölkələrinin ilk ünvanı Türkiyədir

2026/04/1777287511.jpg
Oxunub: 477     14:58     27 Aprel 2026    
ABŞ ilə İsrailin İrana hücumu və Tehranın buna Körfəz ölkələrini vuraraq cavab verməsi bütün balansları dəyişdirdi. Qərb mənşəli bəzi məhsulların sahədə istənilən performansı göstərə bilmədiyini görən Afrika ölkələri üçün ilk ünvan Türkiyədir. Ekspertlər bunun müvəqqəti trend deyil, uzunmüddətli satınalma dalğası olduğu fikrindədirlər.

ABŞ və İran arasındakı atəşkəs incə ipdən asılı olsa da, davam edir. Lakin regionda qaynar münaqişə ehtimalı hələ də çox yüksəkdir.

Atəşkəs zamanı ən çox danışılan məsələlərdən biri də uzun illər yüz milyardlarla dollar ödəyib Qərb ölkələrinin müdafiə çətiri altına sığınan Körfəz ölkələrinin vəziyyəti oldu. Regiondakı bəzi “son dərəcə qabaqcıl sistemlər” sahədə istənilən nəticəni verə bilmədi. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər kimi ölkələr özləri üçün son dərəcə strateji olan yerləri tam mənada qoruya bilmədilər.

Afrika ölkələri Körfəz ölkələrindən dərs aldı

Körfəzin düşdüyü bu vəziyyət yalnız region ölkələrində deyil, çox fərqli coğrafiyalarda da fərqindəlik yaratdı. Son illərdə müdafiə sənayesi məhsullarına mühüm investisiyalar edən Afrika ölkələri də bunlardan biridir.

Afrikadakı ən böyük müdafiə sənayesi təşkilatını keçirən BAMEX İdarə Heyətinin sədri və “The Peak Defense”in baş direktoru Harun Saraç bu yeni dövrü ən yaxşı bilən şəxslərdən biridir.

Saraç Afrika ölkələrinin bir müddətdir artan təhlükəsizlik riskləri, sərhəd təhdidləri və regional qeyri-sabitlik səbəbindən müdafiə investisiyalarını ciddi şəkildə artırmaq yoluna getdiyini xatırladır.

O, qərarvericilərin bu məqamda “sahədə özünü sübut edən, xərc baxımından səmərəli və sürətli təhvil qabiliyyəti” təqdim edən məhsullara yönəldiyini bildirir. Əlbəttə, bu məqamda Türkiyə müdafiə sənayesi önə çıxır.

“Hazırda çox çətin sahə şəraitində belə özünü sübut edə bilən ölkələrin sayı bir əlin barmaqlarını keçmir. Türkiyə bu siyahının ən başındakı aktorlardan biridir. Afrika ölkələri də bunu bilir. Körfəz ölkələrində son yaşananlar da işin üstünə gəldi. Hazırda Afrika ölkələrində Türkiyə müdafiə sənayesi məhsullarına tələbat artımı rekord səviyyəyə çatıb. Bu, müvəqqəti trend deyil. Ciddi və uzunmüddətli satınalma dalğasıdır”, - deyə Saraç bildirir.

Keçən il Malidə keçirilən sərgidə Türkiyə müdafiə sənayesi məhsulları çox böyük maraqla qarşılanmışdı.


“Türkiyə alternativ deyil, birinci seçim oldu”

Hazırkı mərhələdə Türkiyə müdafiə sənayesi məhsullarının alternativ deyil, “birinci seçim” mövqeyinə yüksəldiyini deyən Harun Saraç pilotsuz uçuş aparatı və müşahidə həlləri, zirehli vasitələr, rabitə və komanda-nəzarət sistemləri kimi kritik sahələrdə təcili və yüksək həcmli satınalma planlarının gündəmdə olduğunu bildirir. O, belə davam edir:

“Bu vəziyyət istehsalçılar üçün qısamüddətli dövrdə ciddi imkanlar yaradır. Bazara erkən daxil olan şirkətlər uzunmüddətli strateji üstünlük əldə edəcək. Mövcud məlumatlara görə, Afrika müdafiə sənayesi baxımından da dünyanın ən sürətlə böyüyən bazarlarından biri olacaq.

Məhz bu səbəbdən Afrikanın ən böyük müdafiə sənayesi sərgisi olan BAMEX bu il çox daha fərqli mövqedə olacaq. Məlum olduğu kimi, orada sərginin ilk iki günü iştirakçılar məhsullarını sərgiləyir. Son iki gün isə həmin məhsullar birbaşa sahədə sınaqdan keçirilir. Bunun dünyada çox nümunəsi yoxdur. Amma burada bizim ən mühüm çıxış nöqtəmiz yerli/milli müdafiə sənayesi məhsullarına güvənimizdir. Onsuz da bu məhsullardan bir dəfə istifadə edən imtina edə bilmir.

Afrikanın dörd bir yanından və dünyanın müxtəlif ölkələrindən çox yüksək səviyyəli heyətlərin qatılacağı sərgini bu il 2026-cı il noyabrın 9-13-də keçirəcəyik. Keçən il BAYKAR, ASELSAN, ROKETSAN, MKE başda olmaqla çox sayda şirkət iştirak etmişdi. Bu il də 30-dan çox Türkiyə şirkətinin qatılması nəzərdə tutulur”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Körfəz   Türkiyə   Afrika  


Bizi "telegram"da izləyin