Ermənistan MTX Paşinyanın “xarici agentlər” barədə bəyanatlarına münasibət bildirib

2026/02/1771614716.jpg
Oxunub: 325     14:29     27 Aprel 2026    
“Ermənistanda hakimiyyət nümayəndələri, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən işlədilən “xarici agentlər” termini heç bir hüquqi xarakter daşımır və ictimai, siyasi diskursda yalnız qiymətləndirici xarakter daşıyır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

“News.am” bu faktı yazılı sorğulara cavab olaraq Ermənistan Baş nazirinin aparatından və Ermənistan Milli Təhlükəsizlik Xidmətindən (MTX) aldığı cavabları ümumiləşdirərək qeydə alıb.

Ermənistan Cinayət Məcəlləsində “xarici agent” hüquqi termini müəyyən edilmədiyi üçün “News.am” hələ aprelin 16-da Baş nazirin aparatına və MTX-yə müraciət etmişdi. Sayt maraqlanmışdı ki, Baş nazirin bəyanatlarında “xarici agent” termininə hansı hüquqi tərif verilir və həmin şəxslərin hərəkətləri Cinayət Məcəlləsinin hansı maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərinə uyğundur? Hazırda Ermənistanda neçə “xarici agent” aşkarlanıb və hökumət Ermənistanın dövlət maraqlarına ziyan vuraraq xarici ölkələrin xüsusi xidmətlərindən və ya təşkilatlarından maliyyə və ya göstəriş alan şəxsləri aşkarlamaq üçün hansı alətlərdən istifadə edir?

MTX-dən isə həmçinin maraqlanmışdıq ki, hazırda neçə şəxs barəsində fəaliyyətləri “xarici agent fəaliyyəti” kimi qiymətləndirilən cinayət təqibi başlanıb? Lakin MTX tələb olunan məlumatı istintaq orqanlarından və ya prokurorluqdan almağı təklif etmişdi”, - deyə müəllif bildirib.

Nəşrə görə, Ermənistan Baş nazirinin aparatında isə növbəti dəfə Baş nazirin açıq çıxışlarını gözləmişdilər ki, cavabda artıq edilmiş bəyanatlara istinad etsinlər.

“Xüsusilə, aprelin 20-də aparat cavab vermişdi ki, Baş nazir Nikol Paşinyan aprelin 18-də hökumət iclasından sonra jurnalistlərlə söhbətində onların qaldırdığı məsələlərə toxunub və əlavə ediləcək heç nə yoxdur.

Xatırladaq ki, həmin gün (“News.am”ın sorğusundan 2 gün sonra) jurnalistin “xarici agentlər” deyəndə kimi nəzərdə tutduğu və belə aşkar edilmiş hallar olub-olmadığı sualına cavab verən Paşinyan qeyd etmişdi:

“İnoagentlərə və sairə gəlincə, bunlar bəzən obrazlı ifadə kimi istifadə olunur, amma mən sizin üçün bir sirr açmaq istəyirəm: bizdə şəxslərin kifayət qədər siyahısı, kifayət qədər qalın dosyesi var. Bizim orqanların qiymətləndirməsinə və əldə edilmiş məlumatlara görə, onlar digər ölkələrin gündəliyi ilə fəaliyyət göstərirlər... Bu müxtəlif formalarda olur: əgər həmin insanlar hələ azadlıqdadırsa, deməli, onlar hələ həmin casusluq xəttini keçməyiblər, amma həmin məntiqdə fəaliyyət göstərirlər. Artıq xətlərin keçildiyi hallarda isə, elələri var ki, xəttə çox yaxındırlar, belə desək, kənarla gedirlər, xətti keçəndə cavab olacaq”, - deyə Paşinyan bəyan etmişdi və qeyd etmişdi ki, həmin şəxslərin siyahısı onda ad-soyadları və kontaktları ilə var.

Lakin həm Baş nazir Nikol Paşinyan, həm də Ermənistan MTX hazırda Ermənistanda neçə “xarici agent”in aşkar edildiyi barədə məlumatları gizli saxlayır”, - deyə nəşr bildirib.

Nəşrin “MTX Ermənistanın dövlət maraqlarına ziyan vuraraq fəaliyyət göstərən şəxslər və ya təşkilatların əsasən hansı ölkələrdən və ya beynəlxalq qurumlardan maliyyə aldıqları barədə faktiki məlumatlara malikdirmi və Ermənistan vətəndaşları arasında xarici xüsusi xidmət orqanları tərəfindən mümkün cəlbetmələrin qarşısını almaq və məlumatlılıq səviyyəsini artırmaq istiqamətində hansı praktiki işlər görülür?” sualına Ermənistan MTX cavab verib ki, tələb olunan məlumat dövlət sirri kateqoriyasına daxildir və müvafiq məxfilik nişanlarına malikdir.

“Ermənistan MTX öz funksiyalarını qanunla ona verilmiş səlahiyyətlər çərçivəsində həyata keçirir, şəxsin, cəmiyyətin və dövlətin təhlükəsizliyini təmin edir”, - deyə nəşrə göndərilən cavabda qeyd edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX   Paşinyan  


Bizi "telegram"da izləyin