“Northrop Grumman” radioelektron qarışdırmaya davamlı naviqasiya sistemini təhvil verib

2026/04/fdgdf-1777276274.jpg
Oxunub: 382     11:46     27 Aprel 2026    
GPS qarışdırmasına davamlı şəkildə hazırlanan sistemin ilk seriyalı istehsal təhvili həyata keçirilib.

Ordu.az xəbər verir ki, “Northrop Grumman” hərbi istifadəçilərə dəqiq mövqeləndirmə, naviqasiya və zamanlama (Positioning, Navigation and Timing/PNT) məlumatı təqdim etmək üçün hazırlanmış EGI-M naviqasiya sisteminin ilk seriyalı istehsal vahidini təhvil verib.

Sistemin dünya üzrə təhdid altındakı bölgələrdə missiyaların uğurla icrasını dəstəkləyəcək şəkildə modernləşdirildiyi bildirilir.

Sözügedən sistem F-22 “Raptor” döyüş təyyarəsi və E-2D “Advanced Hawkeye” hava erkən xəbərdarlıq və idarəetmə təyyarəsi (AEW&C) üçün hazırlanıb. Sistemin ilk seriyalı istehsal versiyasını təhvil verən şirkət tammiqyaslı istehsala keçildikdə hərbi istifadəçilərin platformalara problemsiz inteqrasiya edilə bilən birləşmiş avadanlıq və proqram təminatı əsaslı naviqasiya həllindən faydalanmasını hədəfləyir.

GPS-in qarışdırıldığı (GPS-contested) və ya tamamilə sıradan çıxarıldığı (GPS-denied) mühitlərdə missiya icrası üçün hazırlanan sistemin əsas xüsusiyyətləri bunlardır:

Davamlı və etibarlı naviqasiya: Hərbi adı LN-351 olan PNT sistemi EGI-M münaqişə şəraitində naviqasiya məlumatının etibarlılığını təmin edərək hava naviqasiyası texnologiyasında mühüm irəliləyişi təmsil edir. Bundan əlavə, birləşdirilmiş naviqasiya doğrulama (Blended Navigation Assurance/BNA) qabiliyyəti sayəsində GPS məlumatının təhdid altında olduğu hallarda belə dəqiqlik və təhlükəsizlik təmin olunur.

Elastik proqram təminatı: EGI-M gələcək inkişaf ehtiyacları nəzərə alınaraq hazırlanıb. Operatorlar “Northrop Grumman”a ehtiyac olmadan üçüncü tərəf PNT tətbiqlərini sistemə inteqrasiya edərək naviqasiya funksiyalarını fərdiləşdirə bilərlər. Bunun sayəsində sistem müxtəlif sensorlarla inteqrasiya oluna və GPS-dən başqa müxtəlif peyk sistemlərini izləyə bilər.

İstehsala keçid prosesi: Sistem dizaynı hərbi standartları və performans tələblərini qarşılamaq məqsədilə geniş avadanlıq və proqram təminatı sınaqlarından keçirilib və tammiqyaslı istehsala hazır vəziyyətə gətirilib. Mövcud platformaların naviqasiya sistemlərinə inteqrasiya edilə bilər və gələcək qabaqcıl texnoloji yeniləmələrə açıqdır.

“Air&Space Forces Magazine”in məlumatına görə, EGI-M ən qabaqcıl GPS III peyklərində istifadə edilən və yalnız hərbi istifadəyə açıq olan M-code siqnalını yüksək qazanc əldə edən yönlü antenalarla istifadə edir. Bu siqnallar standart GPS siqnalları ilə müqayisədə qarışdırmaya qarşı daha davamlıdır. Şifrələnmiş “M-code” siqnalları eyni zamanda “blue force tracking” sistemlərinə GPS-in qarışdırıldığı bölgələrdə ABŞ hərbi hava vasitələrini izləmə imkanı verir. Bu çərçivədə 2017-ci maliyyə ilindən sonra tədarük edilən bütün hərbi GPS sistemlərinin M-code uyğunluğuna malik olması məcburidir.

ABŞ Hərbi Hava Qüvvələri Həyat Dövrü İdarəetmə Mərkəzi (AFLCMC) nəzdindəki PNT Proqram Ofisinin Material rəhbəri polkovnik-leytenant Kristofer Qrover bildirib ki, yeni qəbuledici “ABŞ hərbi qüvvələrinə ehtiyac duyduqları qabiliyyətlə, istədikləri zamanda və istədikləri yerdə fəaliyyət göstərmək imkanı yaradır”.

“Northrop Grumman”ın Naviqasiya və Kokpit Sistemləri üzrə vitse-prezidenti Rayan Arrinqton isə EGI-M sistemi barədə bunları deyib: “Northrop Grumman” ABŞ ordusuna və müttəfiqlərinə etibarlı və yenilikçi naviqasiya həlləri təqdim etmək sahəsində güclü keçmişə malikdir. Ən son modernləşdirilmiş PNT sistemimiz olan EGI-M əməliyyat effektivliyini artırır və bu günün təhdidlərini aradan qaldıra biləcək. Eyni zamanda gələcək missiya tələblərinə uyğunlaşa biləcək elastikliklə hazırlanıb”.

“Northrop Grumman” EGI-M sisteminin mühəndislik və istehsal inkişaf prosesinə 2018-ci ildə başlayıb, kritik dizayn baxış (CDR) mərhələsini isə 2020-ci ildə tamamlayıb. 2023-cü ildə “Cessna Citation 560” təyyarəsi üzərində uğurla sınaqdan keçirildikdən sonra, 2025-ci ilin fevralında ABŞ Hərbi Hava Qüvvələri Həyat Dövrü İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən 6 uçuşlu performans qiymətləndirmə sınağındakı 3 variantdan biri olub.

EGI-M-nin ilkin olaraq F-22 və E-2D platformalarında istifadə olunması planlaşdırılsa da, sonrakı mərhələdə digər hava vasitələrinə inteqrasiya edilməsi nəzərdə tutulur. LN-251-dən EGI-M-yə yüksəldilə biləcək platformalar arasında RQ-4 “Global Hawk”, MQ-4C “Triton”, P-8 “Poseidon” və CH-53K “King Stallion” yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Northrop-Grumman   Naviqasiya-sistemi  


Bizi "telegram"da izləyin