Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Bloomberg”in məlumatına görə, yeni siyasi qüvvə qarşıdakı seçkilərdə Benyamin Netanyahunun “Likud” partiyasını geridə qoya bilər.
“Birlikdə” adlanan partiyaya Bennett rəhbərlik edəcək. O, yəhudi yaşayış məntəqələrinin keçmiş müdafiəçisi və tərəfdarı kimi tanınır, lakin hazırda müəyyən qədər siyasi mərkəzə yönəlib. Bennett 2022-ci ildə Netanyahudan məğlub olduqdan sonra siyasətdən uzaqlaşsa da, həftəlik sorğulara görə, fəaliyyətdə olan baş nazirin ən ciddi rəqibidir.
Lapid isə əsas seçici bazası Təl-Əvivdə olan mərkəzçi siyasətçidir. Hazırda o, “Yeş Atid” partiyası ilə müxalifətə rəhbərlik edir. Bennett və Lapid əvvəllər də birlikdə hökumət qurmuş, hakimiyyətdən Netanyahunu uzaqlaşdırmağa nail olmuşdular. Lakin həmin ittifaq cəmi bir il davam etmiş, 2022-ci ildə yenidən yerini ona vermişdi.
“Bloomberg” qeyd edir ki, həmin vaxt Netanyahu ölkə tarixində ən ifrat sağçı və dini yönümlü hökuməti formalaşdırmışdı. O, populist siyasət aparıb və müxalifləri bunu cəmiyyəti parçalayan, antidemokratik xətt kimi qiymətləndiriblər.
Bennett və Lapidin birgə bəyanatında qeyd olunub ki, bu, “İsrail dövlətinin sağlamlaşması istiqamətində ilk addımdır”. “Yeş Atid” və “Bennett 2026” qüvvələri bir partiyada birləşir və ona keçmiş baş nazir Naftali Bennett rəhbərlik edəcək.
“Bu addımla “islahatlar ittifaqı” da birləşir və daxili mübarizəyə son qoyulur. Bu, qarşıdakı seçkilərdə həlledici qələbə qazanmaq və İsraili zəruri islahatlara aparmaq üçün bütün səyləri cəmləşdirməyə imkan verəcək”, - deyə bəyanatda qeyd edilir.
Əvvəllər onlar baş nazir vəzifəsini növbə ilə icra etmək barədə razılaşmışdılar, lakin yeni sazişdə belə bir müddəa nəzərdə tutulmur.
Ötən həftəsonu keçirilən sorğular göstərib ki, Bennett və Netanyahu demək olar ki, eyni reytinqə malikdirlər. Əgər Bennettin göstəricilərinə Lapidin proqnozlaşdırılan mandatları da əlavə olunsa, onların partiyası parlamentdə ən böyük qüvvəyə çevriləcək və növbəti hökuməti formalaşdırmaq hüququ qazanacaq.
Sorğulara görə, müxalifət bloku (ərəb partiyaları olmadan) 120 yerdən 60 və ya 61 mandat qazana bilər ki, bu da hakim koalisiya qurmaq üçün tam kifayətdir.
Sevinc Əliyeva
Ordu.az