ABŞ donanması “Virginia” sinfinə məxsus USS “Idaho” nüvə sualtı qayığını xidmətə qəbul etdi

2026/04/1777271594.jpg
Oxunub: 326     10:35     27 Aprel 2026    
ABŞ donanması “Virginia” sinfinə məxsus nüvə hücum sualtı qayıqlarının 26-cısı olan USS “Idaho”nu (SSN 799) keçirilən mərasimlə rəsmi olaraq xidmətə qəbul edib.

Ordu.az
xəbər verir ki, Konnektikut ştatının Qroton şəhərində yerləşən Sualtı Qayıq Bazasında keçirilən mərasim platformanın uzun illərə yayılan inşa prosesinin tamamlandığını simvolizə edib.

Uzunmüddətli inşa prosesi başa çatdı

2026-cı il aprelin 25-i keçirilən mərasimlə donanmaya qatılan USS “Idaho” “Virginia” sinfinin “Block IV” konfiqurasiyasında olan səkkizinci sualtı qayığı kimi diqqət çəkir. Platforma “General Dynamics Electric Boat” ilə “HII-Newport News Shipbuilding” ortaqlığında inşa edilib.

Sualtı qayıq ABŞ Donanmasında “Idaho” adını daşıyan beşinci gəmi olub, əvvəlki gəmilərdən İkinci Dünya müharibəsində xidmət edən USS “Idaho” (BB-42) xüsusilə önə çıxır.

Hər okeanda xidmətə hazır

Mərasimdə çıxış edən ABŞ donanmasının nazir səlahiyyətlərini icra edən Hunq Kao dəniz gücünün strateji əhəmiyyətini vurğulayıb: “ABŞ həm Atlantik, həm də Sakit okeana sahili olan dəniz ölkəsidir. Ticarətimiz təhlükəsiz dəniz xətlərindən asılıdır. USS “Idaho” hər okeanda və hər an xidmətə hazır şəkildə donanmaya qatılır”.

Sualtı qayığın komandiri Çad C. Gillero isə gəminin irsinə diqqət çəkərək belə deyib: “Idaho” sadəcə ad deyil, köklü irsdir. Bu irsi bu gün yenidən həyata qaytarırıq”.

Qabaqcıl qabiliyyətlər və nüvə hərəkət sistemi

USS “Idaho” müasir sualtı qayıq müharibəsi konsepsiyalarına uyğun olaraq qabaqcıl stels, kəşfiyyat toplama və xüsusi missiya qabiliyyətləri ilə təchiz olunub. “Virginia” sinfinə məxsus sualtı qayıqlar çoxməqsədli vəzifə icra etmə qabiliyyəti ilə seçilir.

Təxminən 7.800 ton subasımı qabiliyyətinə və 115 metr uzunluğa malik platforma nüvə reaktoru ilə işləyir və xidmət ömrü boyu yanacaq doldurulmasına ehtiyac duymur. Bu vəziyyət əməliyyat davamlılığını artırarkən texniki xidmət xərclərini azaldır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Donanma   Virginia   Idaho  


Bizi "telegram"da izləyin