Ordu.az xəbər verir ki, bu barədə “UK Defence Journal” məlumat yayıb.
Rumıniyanın Milli Müdafiə Nazirliyi mətbuat açıqlaması yayıb və orada bildirilib ki, şənbə səhəri “Rusiya qüvvələri Tulça rayonunda, Rumıniya ilə çay sərhədi yaxınlığında Ukraynanın mülki və infrastruktur obyektlərinə qarşı pilotsuz aparat hücumlarını bərpa edib”.
Rumıniya radarları Rumıniya hava məkanının yaxınlığında fəaliyyət göstərən pilotsuz aparatları aşkarlayıb. Gücləndirilmiş hava patrulu missiyasına cəlb edilmiş Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Eurofighter Typhoon” təyyarəsi saat 02:00-da Feteşti şəhərində yerləşən 86-cı aviabazadan havaya qaldırılıb. Rumıniya Müdafiə Nazirliyi bildirib ki, “Typhoon”lar Ukrayna ərazisində, Reni şəhərindən 1,5 kilometr məsafədə yerləşən hədəflə radar əlaqəsi qurub və “pilotlara pilotsuz aparatlara qarşı nişanalma icazəsi verilib”. Eyni zamanda Rumıniyanın yerüstü radarları Reni bölgəsində çoxsaylı partlayışların qeydə alındığı hədəflər qrupunu izləyib.
Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatı isə buna birbaşa ziddir. Hesabatda bildirilir ki, təyyarələr heç bir Rusiya obyektinə hücum etməyib, Ukrayna hava məkanına daxil olmayıb və “Typhoon”ların Rusiya pilotsuz uçuş aparatlarını vurduğu barədə xəbərlər yanlışdır.
Saat 02:31-də Qalats sakinləri Bariyera Trayan məhəlləsində obyektin düşməsi barədə fövqəladə xidmətlərə məlumat veriblər. Bundan sonra ərazinin bir neçə nöqtəsində pilotsuz aparat qalıqları aşkarlanıb və bu fakt Rumıniya polisi ilə hərbçilər tərəfindən qeydə alınıb. İlkin qiymətləndirməyə görə, yardımçı tikili və elektrik dirəyi zədələnib, zərərçəkənlər barədə məlumat yoxdur.
Rumıniyanın Milli Müdafiə Nazirliyi “Rusiya Federasiyasının məsuliyyətsiz hərəkətlərini qətiyyətlə pislədiyini” bəyan edib və vurğulayıb ki, insident “Qara dəniz bölgəsində regional təhlükəsizlik və sabitlik üçün yeni çağırışdır”, həmçinin “belə hadisələr Rusiya Federasiyasının beynəlxalq hüquqa hörmətsiz münasibətini göstərir və təkcə Rumıniya vətəndaşlarının təhlükəsizliyini deyil, həm də NATO-nun kollektiv təhlükəsizliyini təhlükə altına qoyur”.
Sevinc Əliyeva
Ordu.az