Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
ABC milli televiziya şirkəti Roj düşərgəsinin direktoruna istinadən bildirib ki, cümə günü dörd avstraliyalı qadın, onların doqquz uşağı və nəvələri Suriyanın şimal-şərqində yerləşən düşərgəni tərk ediblər. Suriyalı hərbçilər onları Dəməşqə apararaq Avstraliyaya yola düşmələrinə kömək ediblər.
“Avstraliya hökuməti Suriyadan insanların geri qaytarılması ilə məşğul olmur və olmayacaq. Təhlükəsizlik xidmətlərimiz Suriyadakı vəziyyəti izləyib və izləməyə davam edir ki, Avstraliyaya qayıtmaq istəyən istənilən avstraliyalını qəbul etməyə hazır olduqlarına əmin olsunlar. Bu qrupdakı şəxslər bilməlidirlər ki, əgər cinayət törədiblərsə və Avstraliyaya qayıdarlarsa, qanunun bütün sərtliyi ilə cəzalandırılacaqlar”, - deyə hökumət nümayəndəsi AFP-yə açıqlamasında bildirib.
Mətbuat katibinin sözlərinə görə, hökumətin əsas prioriteti avstraliyalıların təhlükəsizliyi və ölkənin milli maraqlarının qorunmasıdır.
Bu qrupda fevral ayında, məlumatlara görə, Suriya hökuməti ilə koordinasiya problemləri səbəbindən evə qayıda bilməyən 34 avstraliyalı var. Həmin vaxt baş nazir Entoni Albaneze bildirmişdi ki, hökumət onlara heç bir dəstək göstərməyəcək.
İŞİD üzvlərinin ailələrinin geri qaytarılması Avstraliyada ziddiyyətli fikirlərə səbəb olur. Bəzi siyasətçilər onların milli təhlükəsizlik üçün təhlükə yaratdıqları barədə xəbərdarlıq edirlər. 2023-cü ildə “Save the Children” Avstraliya humanitar təşkilatı Roj düşərgəsində olan 11 qadın və 20 uşağın adından onların geri qaytarılması tələbi ilə iddia qaldırmışdı. Lakin Federal Məhkəmə “Save the Children” əleyhinə qərar çıxarmış və bildirmişdi ki, Avstraliya hökuməti onların Suriyada saxlanılmasına nəzarət etməyib.
Sevinc Əliyeva
Ordu.az