KNDS Münhendə yeni istehsal xətti açdı, BOXER zirehli vasitələrinin istehsalı artırılır

2026/04/1777100421.jpg
Oxunub: 519     10:59     25 Aprel 2026    
Alman müdafiə şirkəti KNDS BOXER 8x8 təkərli zirehli vasitələrinin istehsal gücünü artırmaq məqsədilə “Münhen/Allach” müəssisəsində yeni istehsal xəttini istifadəyə verib.

Ordu.az xəbər verir ki, şirkət əlavə olaraq istehsalı genişləndirmək üçün DRÄXLMAIER “Group” ilə strateji əməkdaşlıq sazişi imzalayıb.

İstehsal gücü artırılır

Yeni istehsal xəttinin aylıq 10 ədəd BOXER sürüş modulunu istehsal edəcəyi bildirilib. KNDS və tərəfdaşlarına məxsus digər müəssisələrlə birlikdə ümumi istehsal gücünün daha da artırılması hədəflənir. Şirkət həyata keçirilən genişlənmə proqramı çərçivəsində BOXER istehsalını 2030-cu ilə qədər altı dəfə artırmağı planlaşdırır.

Bu artımın başda Almaniya olmaqla Avropada artan müdafiə ehtiyaclarına cavab vermək məqsədilə həyata keçirildiyi bildirilib.

DRÄXLMAIER ilə strateji əməkdaşlıq

KNDS ilə DRÄXLMAIER “Group” arasında imzalanan saziş çərçivəsində BOXER tapşırıq modullarının mühüm hissəsi Bavariyadakı “Landau an der Isar” müəssisələrində istehsal olunacaq. Əməkdaşlıq Bavariya əyalətinin baş naziri Markus Söderin iştirakı ilə imzalanan anlaşma memorandumu ilə rəsmiləşdirilib.

KNDS “Deutschland” şirkətinin baş icraçı direktoru Florian Hohenvarter bildirib: “Bir çox ordu və hökumət Avropanın müdafiə gücünü artırmaq üçün istehsalı yüksəltməyimizi gözləyir”. O, Bavariyanın şirkət üçün kritik rol oynadığını vurğulayıb.

Hohenvarter əlavə edib: “DRÄXLMAIER ilə etimada əsaslanan əməkdaşlıq qurmaqdan məmnunuq. Müdafiə sektoru xaricindən olan sənaye tərəfdaşı ilə istehsal gücümüzü genişləndiririk”.

DRÄXLMAIER “Group” şirkətinin baş icraçı direktoru Yan Reblin isə bildirib: “Avtomobil sektorundakı 65 ildən artıq təcrübəmizi mürəkkəb alt sistemlərin istehsalına daşıyırıq. Bu tərəfdaşlıq bizim üçün mühüm mərhələdir”.

BOXER platforması çoxrollu istifadə təqdim edir

BOXER modul quruluşa malik 8x8 təkərli zirehli vasitə platformasıdır və müxtəlif tapşırıqlar üçün konfiqurasiya oluna bilir.

Sistem:

Zirehli şəxsi heyət daşıyıcısı
Təcili yardım vasitəsi
Təkərli artilleriya sistemi kimi müxtəlif versiyalarda istifadə oluna bilir.


Vasitə mina, əldəqayırma partlayıcı qurğu və ballistik təhdidlərə qarşı mühafizə təmin edir, eyni zamanda müxtəlif ərazi şəraitində yüksək hərəkət qabiliyyəti təqdim edir.

Avropada artan tələbat istehsalı sürətləndirir

Hazırda Almaniya, Niderland, Birləşmiş Krallıq və Avstraliya daxil olmaqla bir çox ölkədə 2 000-dən çox BOXER vasitəsi ya aktiv xidmətdədir, ya da sifariş mərhələsindədir.

KNDS-in istehsal gücünü artırmağa yönəlmiş bu addımı Avropada yüksələn müdafiə xərcləri və zirehli vasitələrə tələbat fonunda atılmış genişlənmə addımı kimi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KNDS   BOXER  


Bizi "telegram"da izləyin