Ordu.az xəbər verir ki, bu barədə AFP Livan Səhiyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
“İsrailin aprelin 24-də Livanın cənubuna endirdiyi aviazərbələr nəticəsində altı vətəndaş həlak olub, daha iki nəfər yaralanıb”, - deyə nazirliyin bəyanatında deyilir.
Qurumun məlumatına görə, iki nəfər Vadi əl-Hucayrda, iki nəfər Tulində, bir nəfər Srifada, bir nəfər isə Yatərdə öldürülüb. Bütün yaşayış məntəqələri Livanın cənubunda yerləşir.
BMT-nin Livandakı sülhməramlı qüvvələri (UNIFIL) cümə günü bildirib ki, indoneziyalı hərbçi martın 29-da onların bazasına edilən hücum zamanı aldığı yaralardan xəstəxanada ölüb.
UNIFIL-in məlumatına görə, martın 29-da baş verən hücum zamanı bir indoneziyalı əsgər öldürülmüş, daha biri yaralanmışdı. BMT-nin apardığı ilkin araşdırma əsgərin İsrail tankının mərmisindən öldürüldüyünü müəyyən edib.
Daha əvvəl, cümə günü İsrail ordusu Livanın cənubundakı Bint Cbeyl şəhərində altı nəfəri öldürdüyünü açıqlamışdı. Aprelin 17-dəki atəşkəsdən əvvəlki günlərdə bu şəhərdə İsrail qoşunları ilə “Hizbullah” hərəkatı arasında şiddətli döyüşlər gedirdi. İsrail ordusu iddia edir ki, Bint Cbeyldə öldürülən altı nəfərin hamısı “Hizbullah” döyüşçüləri olub.
Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-si tarixinə qədər müharibənin başlanmasından etibarən İsrail hücumları nəticəsində Livanda 2491 nəfər həlak olub.
Sevinc Əliyeva
Ordu.az