Fələstinlilər Qəzza müharibəsindən sonra ilk dəfə yerli özünüidarəetmə orqanları seçkilərində iştirak edirlər

2026/04/1777099656.jpg
Oxunub: 444     10:36     25 Aprel 2026    
Fələstinlilər şənbə günü İordan çayının qərb sahilində və Qəzzanın mərkəzi hissəsində yerli özünüidarəetmə orqanları seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə gediblər. Bu, Qəzza müharibəsindən sonra ilk səsvermədir.

Ordu.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Ramallahda yerləşən Mərkəzi Seçki Komissiyasının məlumatına görə, İsrailin nəzərti altında olan İordan çayının qərb sahilində təxminən 1,5 milyon seçici, Qəzzanın Deyr əl-Bələh rayonunda isə 70 000 nəfər qeydiyyata alınıb.

Seçki siyahılarının əksəriyyəti prezident Mahmud Abbasın dünyəvi-millətçi “Fəth” partiyası ilə bağlıdır və ya müstəqil namizədlər kimi çıxış edir.

“Fəth”in əsas rəqibi, Qəzza zolağının demək olar ki, yarısına nəzarət edən HƏMAS-la bağlı siyahılar yoxdur. Şəhərlərin əksəriyyətində “Fəth”in dəstəklədiyi seçkilərdə müstəqil iştirakçılar mübarizə aparacaqlar. Onlara “Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi” kimi qruplaşmaların namizədləri rəhbərlik edir.

Nablus və Fələstin Administrasiyasının iqamətgahı olan Ramallah da daxil olmaqla bir çox şəhərdə yalnız bir siyahı təqdim olunub. Bu isə o deməkdir ki, həmin siyahı səsverməyə ehtiyac olmadan avtomatik qalib gəlir.

İordan çayının qərb sahilində seçki məntəqələri səhər saat 07:00-dan axşam saat 19:00-dək açıq olacaq. Deyr əl-Bələhdə isə müharibənin dağıtdığı bölgədə elektrik enerjisinin olmaması səbəbindən səslərin gündüz saatlarında sayılmasını asanlaşdırmaq üçün məntəqələr saat 17:00-da bağlanacaq. Bu barədə seçki komissiyası məlumat verib.

Seçki komissiyasının nümayəndəsi Fərid Taamalah AFP-yə bildirib ki, səsvermə heyəti vətəndaş cəmiyyəti təşkilatlarından formalaşdırılıb və Qəzzada məntəqələrin təhlükəsizliyini təmin etmək üçün “özəl mühafizə şirkəti” cəlb edilib.

Lakin Qəzza komissiyasındakı anonim qalmaq istəyən mənbə bildirib ki, HƏMAS polisi Deyr əl-Bələhdə seçki prosesinin təhlükəsizliyini şəxsən təmin etməkdə israr edib. Mənbə əlavə edib ki, “bu, Deyr əl-Bələhdə sayı 12 olan seçki məntəqələrinin ətrafına mülki geyimli silahsız təhlükəsizlik əməkdaşlarının yerləşdirilməsi yolu ilə ediləcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Fələstin  


Bizi "telegram"da izləyin