Britaniya rəsmiləri: “ABŞ Folklend adaları ilə bağlı mövqeyinə yenidən baxa bilər”

2026/04/Ekran-1777097061.jpg
Oxunub: 661     09:55     25 Aprel 2026    
ABŞ Londonun İranla bağlı mövqeyinə görə Folklend adaları üzərində Britaniya suverenliyinə dair mövqeyini yenidən nəzərdən keçirməyi düşünür.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Reuters”in yaydığı məlumata görə, Pentaqonun daxili məktubunda ABŞ-nin İranla müharibəni dəstəkləmədiyini düşündüyü NATO müttəfiqlərini cəzalandırmaq variantlarına baxıldığı qeyd olunub.

Məktubda Folklend adalarının statusuna yenidən baxılması ehtimalı da qeyd edilir. Müzakirə olunan variantlardan biri də İspaniyanın NATO üzvlüyünün dayandırılmasına çalışmaq olub.

Bu məlumatlarla bağlı suallara cavab verən Britaniya hökumətinin sözçüsü bildirib: “Folklend adaları böyük səs çoxluğu ilə Britaniyanın dənizaşırı ərazisi olaraq qalmağa səs verib və biz həmişə ada sakinlərinin öz müqəddəratını təyin etmə hüququnu, eləcə də suverenliyin Birləşmiş Krallığa məxsus olduğunu dəstəkləmişik”.

Baş nazirin sözçüsü də vurğulayıb ki, hökumətin mövqeyi “tamamilə aydındır” və “suverenlik Birləşmiş Krallığa məxsusdur, ada sakinlərinin öz müqəddəratını təyin etmə hüququ isə əsas prinsipdir”.

“BBC News” məsələ ilə bağlı Pentaqona müraciət etsə də, sənədə çıxış əldə edə bilməyib.

Cənub-qərbi Atlantik okeanında yerləşən Britaniyanın dənizaşırı ərazisi olan Folklend adaları Birləşmiş Krallıq və Argentina arasında ərazi mübahisəsi olaraq qalır.

Adalar üzərində uzunmüddətli münaqişə

1982-ci ildə on həftə davam edən münaqişə Argentina lideri Leopoldo Qaltyerinin adalara qoşun göndərməsi ilə başlayıb.

O dövrün baş naziri Marqaret Tetçerin hökuməti adaları geri almaq üçün dəniz qüvvələri göndərib.

Argentina qüvvələri məğlub edilsə də, ölkə hələ də adalar üzərində suverenlik iddiasını davam etdirir və onları Malvinas adlandırır.

Münaqişə zamanı 649 argentinalı hərbçi, 255 britaniyalı hərbçi və Folklend adalarının üç sakini həlak olub.

Ağ Ev hələlik bu məlumatlara münasibət bildirməsə də, bu xəbərlər ABŞ ilə Böyük Britaniya arasında diplomatik fikir ayrılıqları fonunda yeni gərginlik mənbəyinə çevrilə bilər.

Donald Tramp daha əvvəl Britaniyanın İranla müharibədə verdiyi dəstək səviyyəsindən “narazı” olduğunu bildirmişdi. Kir Starmer isə dəfələrlə Böyük Britaniyanın daha geniş münaqişəyə cəlb olunmayacağını vurğulayıb.

Folklend adaları sakinlərinin böyük əksəriyyəti adaların Britaniya ərazisi olaraq qalmasını istəyir.

2013-cü ildə keçirilən referendumda 1 650 seçicidən yalnız üç nəfər dənizaşırı ərazi statusunun saxlanılmasına qarşı səs verib, seçici fəallığı isə 90 faizdən çox olub.

1982-ci il Folklend müharibəsi zamanı ovaxtkı ABŞ prezidenti Ronald Reyqanın administrasiyası Ağ Evin Tetçer hökuməti ilə yaxın münasibətlərinə baxmayaraq, adalara nəzarət üçün birgə ABŞ-Braziliya sülhməramlı qüvvəsi təklif edərək balanslı mövqe tutmağa çalışmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   ABŞ   Folklend  


Bizi "telegram"da izləyin