Vaşinqtonun İrana qarşı tələbləri dəyişməyib. Zənginləşdirilmiş urandan imtina və Hörmüz boğazından neftin sərbəst hərəkətinə icazə verilməsi ABŞ prezidenti Donald Trampın prioritetləri sırasında qalır. İran və ABŞ-nin Pakistanda danışıqları davam etdirəcəyinə dair siqnallar da var.
Ordu.az şənbə axşamı Yaxın Şərqdə baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
• ABŞ bəyan edib ki, İsrailin xahişi ilə İrana qarşı müharibəyə başlayıb. Fevralın 28-də ABŞ Silahlı Qüvvələri “Epik Qəzəb” əməliyyatına başlayıb. Məqsədlər açıq şəkildə belə göstərilib: “İranın hücum raketlərini məhv etmək, İranın raket istehsalını məhv etmək, İran donanmasını və digər infrastrukturu məhv etmək”, həmçinin İranın “heç vaxt nüvə silahı əldə etməməsini” təmin etmək. Bu barədə ABŞ Dövlət Departamentinin təhlilində bildirilib.
“Epik Qəzəb” İranla davam edən beynəlxalq silahlı münaqişənin son kəskinləşməsidir. ABŞ dəfələrlə izah etdiyi kimi, bu münaqişədə İsrailin xahişi ilə və onun kollektiv özünümüdafiəsi üçün, həmçinin özünün “ayrılmaz özünümüdafiə hüququnu” həyata keçirmək üçün iştirak edir.
• İranın xarici işlər naziri Abbas Əraqçi İslamabada gəlib.
Bundan əvvəl İran XİN başçısı İslamabada, Maskata və Moskvaya gedəcəyini də bəyan etmişdi.
Ağ Ev isə öz növbəsində bildirib ki, Stiv Uitkof və Cared Kuşner İranla danışıqlar aparmaq üçün Pakistana yollanacaqlar.
• ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İran ABŞ tələblərini qarşılamağa yönəlmiş təklif hazırlayır.
O qeyd edib ki, təklifin necə olacağını hələ bilmir. Tramp iddia edib ki, istənilən razılaşma İranın zənginləşdirilmiş urandan imtinasını və neftin Hörmüz boğazından sərbəst hərəkətinə icazəni əhatə etməlidir.
Sevinc Əliyeva
Ordu.az