Həmin gün Vladimir Putin bələdiyyə qulluqçularının mükafatlandırılması üzrə ümumrusiya üçüncü mərasimində iştirak edib və çıxış edib. Rusiya prezidentinin ən mühüm bəyanatı, yəqin ki, Dövlət Dumasına payızda keçiriləcək seçkilərdə “tarixən Rusiyaya birləşmiş dörd yeni ərazinin sakinlərinin ilk dəfə iştirak edəcəyi” barədə olub.
Rusiya prezidenti, şübhəsiz ki, Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin sakinlərini nəzərdə tutub, guya bu ərazilər “referendumla Rusiyaya birləşiblər”. Həmin “akt” artıq Rusiya Federasiyasının konstitusiyasında təsbit olunub və Vladimir Putin mahiyyət etibarilə bəyan edib ki, Ukrayna nizamlanmasının belə demək mümkündürsə, “ərazi komponenti müzakirə predmeti deyil”. O açıq şəkildə bildirib ki, “xüsusi hərbi əməliyyatla müəyyən edilən bütün məqsədlər həyata keçiriləcək”.
Antalya Diplomatik Forumu çərçivəsində Ukrayna nizamlanmasının hazırkı mərhələsi və perspektivləri ilə bağlı suala cavab verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Rusiya Federasiyası “heç vaxt danışıqlar istəməyib, lakin mövcud problemlərin diplomatik vasitələrlə həlli imkanından da imtina etməyib”. Perspektivə gəldikdə isə Lavrov açıq şəkildə bildirib ki, Ukrayna nizamlanması üzrə danışıqların bərpası “Rusiyanın prioritet işi deyil, onun başqa çox işi var”.
Bələdiyyə əməkdaşları ilə görüşdə Vladimir Putin Sergey Lavrovun qiymətləndirməsini təsdiqləyib və mahiyyət etibarilə Rusiyanın müharibəni davam etdirmək niyyətində olduğunu açıq şəkildə göstərib. Dövlət Dumasına seçkilər qarşıdakı sentyabrda keçiriləcək. Putinin anonsundan belə başa düşülür ki, həmin vaxta qədər Donetsk, Xerson və Zaporojye vilayətləri “tamamilə azad edilmiş olmalıdır”.
Bu isə yalnız o halda mümkündür ki, Rusiya müharibənin xarakterini kəskin şəkildə dəyişsin. Bəzi mənbələrin məlumatına görə, may paradından sonra “Rusiya yeni səfərbərlik elan edəcək”. Böyük ehtimalla Vladimir Putin bunu məhz parad tribunasından elan edəcək. “Biz sübut etdik ki, qalib gəlirik, çünki vahidik”, - deyə Rusiya prezidenti sözlərini yekunlaşdırıb və reallığı açıq şəkildə faşist Almaniyası üzərində qələbənin tarixi yaddaşı ilə paralelləşdirib. Hər şeydən görünür ki, o, Ukraynaya qarşı həlledici hücuma hazırlaşır.
Asif Cəfərov
Ordu.az