“Reuters”: ABŞ İran hücumlarından sonra Ukraynanın raketdən müdafiə texnologiyalarına müraciət edib

2026/04/1776779801.jpg
Oxunub: 387     17:25     22 Aprel 2026    
ABŞ Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” aviabazasında Ukraynanın “Sky Map” antidron sistemini yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumatlı beş mənbəyə istinadən xəbər yayıb.

Nəşrin məlumatına görə, ukraynalı hərbi mütəxəssislər bazaya gəliblər ki, amerikalı hərbçilərə bu platformadan istifadə bacarıqlarını öyrətsinlər. “Sky Map” Ukrayna ordusu tərəfindən pilotsuz uçuş aparatlarının (o cümlədən İranın “Shahed”lərinin) aşkarlanması və önləyici pilotsuz uçuş aparatları vasitəsilə əks-zərbələrin təşkili üçün geniş istifadə olunur.

Diqqətəlayiqdir ki, cəmi bir ay əvvəl Donald Tramp Volodimir Zelenskinin antidron sistemi məsələsində kömək təklifini açıq şəkildə rədd etmişdi. “Pilotsuz uçuş aparatlarından müdafiə məsələsində onların köməyinə ehtiyacımız yoxdur”, - deyə prezident martın 6-da “Fox News”un efirində bəyan etmişdi. Ağ Ev və Pentaqon bu məlumatı şərh etməkdən imtina ediblər.

İrandan təxminən 640 km məsafədə yerləşən aviabaza müharibənin başlanmasından bəri dəfələrlə zərbələrə məruz qalıb. Zərbələr nəticəsində uzaqmənzilli radiolokasiya aşkarlama E-3 AWACS təyyarəsi məhv edilib, bir neçə KC-135 yanacaqdoldurma təyyarəsi zədələnib, həmçinin THAAD sisteminin radar avadanlıqlarının qovşağı sıradan çıxıb. Hücumlardan qorunmaq üçün baza hazırda həmçinin ABŞ-nin “Northrop Grumman” şirkətinin FAAD idarəetmə platformasından və RTX istehsalı olan “Coyote” önləyici pilotsuz uçuş aparatlarından istifadə edir. “Sky Map”dən əlavə, “Merops” tutucu cihazları da istifadə olunur (“Project Eagle” şirkəti tərəfindən “Google”ın keçmiş baş direktoru Erik Şmidtin dəstəyi ilə hazırlanıb). Lakin son sınaqlardan biri zamanı onlardan biri nəzarətdən çıxaraq bazanın ərazisində yerləşən sanitar qovşağa çırpılıb.

Mütəxəssislər Ukrayna texnologiyalarının tətbiqini ABŞ-nin hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin zəifliyinin sübutu kimi qiymətləndirirlər. “Hudson Institute”in böyük elmi işçisi Timoti Uolton qeyd edib: “Bütün dünya ABŞ-nin Hava Hücumundan Müdafiə sistemindəki boşluqlardan xəbərdardır. Onlar bunu yaxşı bilirlər, lakin həmin boşluqları belə düzəltmədilər”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin