Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan KTMT-nin üzərindən qəti şəkildə xətt çəkir” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Nikol Paşinyan bunu hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında əks olunan çoxtərəfli əməkdaşlıq müddəalarını təqdim edərkən bildirib.
“KTMT-də Ermənistan Respublikasının üzvlüyü, bildiyiniz kimi, dondurulub və fəallığa qayıtmaq istiqamətində addımlar atılmayacaq. Bu da seçki proqramımızda qeyd olunub”, - deyə Paşinyan bildirib.
Müəllif qeyd edib ki, o, Ermənistanın hansı halda rəsmi şəkildə Avropa İttifaqına tamhüquqlu üzvlük üçün müraciət edəcəyini də açıqlayıb: “Ermənistan Avropa İttifaqına üzvlük meyarlarına uyğunlaşmaq üçün zəruri islahatları davam etdirəcək və bu meyarlara tam uyğunlaşana qədər prosesi davam etdirəcək”.
Nəşrə görə, Avrasiya İqtisadi Birliyi və Ermənistan münasibətlərindən danışan Paşinyan qeyd edib ki, Ermənistan hakimiyyəti anlayır ki, eyni vaxtda həm Avrasiya İqtisadi Birliyinin, həm də Avropa İttifaqının üzvü olmaq mümkün deyil.
“Eyni zamanda Paşinyan qərar vermək məsuliyyətini yenidən adi vətəndaşların üzərinə qoyaraq bildirib ki, sonda hər hansı ittifaqa qoşulmaq barədə qərarı Ermənistan vətəndaşları verəcəklər.
Bu yolla o, məsuliyyəti öz üzərindən atır və Ermənistan vətəndaşlarını özünə şərik etməyə çalışır.
Hakimiyyətin KTMT-yə qarşı bu addımları gec-tez mənfi nəticələr verəcək. Paşinyanın özü bunu anlayır, lakin Qərbdəki himayədarlarının oyunlarına daxil olduğundan heç nə edə bilmir”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az