İranın nümayəndə heyəti İsveçrəyə yola düşüb - YENİLƏNİB

2025/07/1753692734.jpg
Oxunub: 242     19:16     20 İyun 2026    
İranın "Minab 168" nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün İsveçrənin Sürix şəhərinə yola düşüb.

Ordu.az IRIB-yə istinadən xəbər verir ki, nümayəndə heyətinə parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai, eləcə də digərləri daxildir.

İ. Bəqainin sözlərinə görə, bu səfər qarşı tərəfin öhdəliklərini yerinə yetirməsinə nəzarət etmək məqsədi daşıyır: "Qarşı tərəfin öhdəlikləri pozması təcrübəsini nəzərə alaraq, biz onlardan razılaşmaya əməl etməyi ciddi şəkildə tələb etməliyik".

Qeyd edək ki, ABŞ ilə İsrailin İrana hücumları zamanı ümumilikdə 281 şagird və müəllim həlak olub. Onlardan 168-I Minabdakı qızlar məktəbinin bombalanmasından sonra ölüb. İran nümayəndə heyətinin belə adlandırılması hərbi cinayət xatırlatması kimi xarakterizə olunur.

***

İranın danışıqlar aparan nümayəndə heyəti bir neçə saatdan sonra İsveçrəyə yola düşəcək.

Ordu.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"İran nümayəndə heyətinin səfəri danışıqların ikinci mərhələsinin başlaması demək deyil, öhdəliklərin icrasına nəzarət etmək məqsədi daşıyır", - o bildirib.

Bəqai qeyd edib ki, öhdəliklər tamamilə aydındır və anlaşma memorandumunun birinci bəndi tərəflərin qarşılıqlı öhdəliklərinin ən vacib hissəsini, yəni Livan da daxil olmaqla, bütün cəbhələrdə müharibənin dayandırılmasını əhatə edir:

"Biz öz öhdəliklərimizə əməl etdik, lakin qarşı tərəf öz müttəfiqlərini, xüsusən də İsraili Livanda atəşkəsə məcbur etməli idi, biz isə bunu müşahidə etmədik və bu, atəşkəs razılaşmasının açıq şəkildə pozulması hesab olunur.

Dəniz blokadasının ləğvi və Hörmüz boğazının açılması məsələsi ilə bağlı öhdəliklər yerinə yetirilib, lakin qarşılıqlı anlaşma memorandumu bütöv və bir-biri ilə əlaqəli bir paketdir. Əgər öhdəliklərin hər hansı bir hissəsi yerinə yetirilməsə, bütün bu memorandum problemlərlə üzləşəcək; xüsusilə nəzərə alsaq ki, birinci bənd bu razılaşmanın ən vacib hissəsidir".

Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini yerinə yetirmək üçün ən qısa zamanda lazımi tədbirlər görməlidir, əks halda bütün memorandum problemlərlə üzləşəcək.

Daha əvvəl Pakistan XİN İsveçrə görüşü haqqında məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəqai   İran   İsveçrə  


Bizi "telegram"da izləyin