Kreditlə ev alıb, amma ev bəyannamədə yoxdur: Sabiq erməni səfirin sənədləri

2026/04/1776837931.jpg
Oxunub: 494     10:05     22 Aprel 2026    
“Nikol Paşinyanın siyasi dayaqlarından biri hesab olunan Lilit Makunts (Ermənistanın ABŞ-dəki keçmiş səfiri-red.) həm daxili siyasət, həm də xarici münasibətlər kontekstində əsas fiqurlardan biridir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, bunun sübutlarından biri odur ki, “Vətəndaş Müqaviləsi” partiyasının 8-ci növbədənkənar qurultayı zamanı ilk çıxış hüququ məhz ona verilmişdi.

“Halbuki institusional baxımdan respublikanın ikinci şəxsi sayılan parlament sədri Alen Simonyan ondan sonra çıxış etmişdi.

Makunts həm də Ermənistan-ABŞ münasibətlərinin dərinləşdirilməsi prosesində iştirak edən diplomat kimi qəbul olunur. Maraqlıdır ki, 2018-ci il hadisələrinə qədər o, təhsil sahəsində fəaliyyət göstərib və ingilis dili mütəxəssisi kimi çalışıb. Məlumdur ki, Nikol Paşinyan da bir vaxtlar onun yanında ingilis dili öyrənib.

Lilit Makunts Vətəndaş Müqaviləsi partiyasının seçki siyahısında 15-ci yeri tutur. “Joğovurd” qəzeti onun son illərdəki rəsmi bəyannamələrini araşdıraraq müxtəlif dövrlərdə fəaliyyəti və əmlak vəziyyətindəki dəyişiklikləri müəyyən etməyə çalışıb”, - deyə nəşr qeyd edib.

Qəzetin araşdırmasına görə, Makunts 2005-2019-cu illərdə Ermənistan-Rusiya Universitetində dərs deyib.

“Paralel olaraq 2014-2018-ci illərdə müqavilə əsasında Almaniyanın “Fridrix Ebert” fondunun İrəvan ofisində, 2016-2018-ci illərdə isə ABŞ Sülh Korpusunun İrəvan ofisində işləyib. 2018-ci il fevralından may ayınadək Ermənistan-Rusiya Universitetinin beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinə rəhbərlik edib.

Həmin 2018-ci ildə Ermənistanın mədəniyyət naziri təyin olunub. Sonradan 2019-2021-ci illərdə Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının rəhbəri olub. 2021-2025-ci illərdə Ermənistanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub, 2025-ci il avqustun 29-dan isə baş nazirin baş müşaviri təyin edilib.

Onun 2024-cü il üzrə illik bəyannaməsində daşınmaz əmlak və ya nəqliyyat vasitəsi göstərilməyib. Həmin ildə yalnız “Hayekonombank”da 2,676,111 dram və 28,236,761 dram məbləğində borc öhdəlikləri olub. Bank hesablarında 36,003.05 ABŞ dolları və 419,861.38 dram olub, halbuki illik gəliri Ermənistan Xarici İşlər Nazirliyindən 2,616,824 dram təşkil edib.

2023-cü il bəyannaməsinə görə, kredit öhdəlikləri 28,850,232 dram, verilmiş və geri qaytarılmış borclar isə 3,918,260 dram olub. Bank hesablarında 27,305.17 ABŞ dolları və 395,198.38 dram olub. Yəni kredit həcmində vəsait hesabında mövcuddur. Həmin ildə Lilit Makuntsun gəlirləri Xarici İşlər Nazirliyindən 2,681,880 dram və 51,732 ABŞ dolları olmaqla ümumilikdə 23,128,435.68 dram təşkil edib. İlin sonunda kredit borcunun qalığı 32,768,492 dram olub, bunun 28,850,232 dramı mənzil krediti idi”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, 2022-ci il bəyannaməsinə əsasən, onun bank hesablarında 15,000 ABŞ dolları və 794,835.02 dram olub.

“Gəlirləri digər mənbədən 770,223 dram, həmçinin Xarici İşlər Nazirliyindən 50,999 ABŞ dolları və 2,728,776 dram olmaqla ümumilikdə 23,570,675.43 dram təşkil edib. Kredit öhdəlikləri 33,502,485 dram olub, bunun 29,430,532 dramı mənzil krediti idi.

2021-ci ilin məlumatlarına görə, onun 3,000 ABŞ dolları və 1,704,218.14 dram bank vəsaiti olub, həmçinin 34,296,115 dram məbləğində borclar bəyannaməyə daxil edilib. Həmin ilin gəliri 48,433,635.84 dram, kreditlərin ödənilməsinə yönəldilən vəsait isə 3,521,212 dram olub.

Ümumilikdə, “Joğovurd” qəzetinin araşdırması göstərir ki, Makuntsun bəyannamələrində müxtəlif illərdə həm ciddi gəlirlər, həm də iri həcmli kredit öhdəlikləri əsasən mənzil məqsədilə qeyd olunub. Halbuki ayrıca daşınmaz əmlak göstərilməyib. Onun kimin üçün ipoteka krediti ödədiyi aydın deyil, çünki bəyannamədə daşınmaz əmlak yoxdur, əvəzində kredit var”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Makunts  


Bizi "telegram"da izləyin