“Aİ ölkələri İran əleyhinə sanksiyaları Hörmüz boğazı məsələsini də daxil etməklə genişləndirmək barədə razılığa gəlib” - Kallas

2026/01/1768629700.jpg
Oxunub: 676     21:19     21 Aprel 2026    
Aİ ölkələri İran əleyhinə sanksiyaları genişləndirmək barədə razılığa gəlib və bu sanksiyalara Hörmüz boğazının bağlanmasına görə məsuliyyət daşıyan hər kəsin daxil edilməsi qərara alınıb.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Aİ-nin xarici siyasət qurumunun rəhbəri Kaya Kallas “Reuters”ə bildirib.

Kallas həmçinin məlumat verib ki, Lüksemburqda keçirilən görüş zamanı o, xarici işlər nazirlərinə müraciət edərək Aİ-nin Yaxın Şərqdəki hərbi-dəniz missiyasının gücləndirilməsini istəyib. Həmin missiya hazırda Qırmızı dənizdə gəmiləri yəmənli husilərin hücumlarından qoruyur.

Fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra İran dünya neftinin 20 faizədək hissəsinin və mayeləşdirilmiş təbii qazın (LNG) 30 faizdən çoxunun keçdiyi boğaz vasitəsilə ticarətin dayandırıldığını elan etmişdi.

İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də boğazın gəmiçilik üçün açıldığını bildirmiş, bunu Livanda atəşkəsin təmin olunması ilə əlaqələndirmişdi. Elə həmin gün münaqişənin başlanmasından etibarən ilk dəfə boğazdan sərnişin gəmisi keçib.

Aprelin 18-də Tehran boğaz üzərində hərbi nəzarətin bərpa edildiyini elan edib, daha sonra isə İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ tərəfindən dəniz blokadası aradan qaldırılana qədər onu yenidən bağlamaq niyyətində olduğunu açıqlayıb. İran hərbçiləri boğazdan keçməyə çalışan iki tankeri də geri qaytarıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran  


Bizi "telegram"da izləyin