Aİ-nin genişlənmə üzrə komissarı Qara dəniz regionunda Türkiyənin hərbi potensialının əhəmiyyətini qeyd edib və bildirib ki, Ukrayna məsələsində heç bir razılaşma bu reallığı kənarda qoya bilməz. O vurğulayıb ki, Türkiyə NATO-da ikinci ən böyük orduya malikdir. Marta Kos həmçinin Türkiyənin coğrafi baxımdan müstəsna mövqeyini qeyd edərək bildirib ki, o, Avropanı Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirir.
Aİ ilə Türkiyə arasında daha sıx əməkdaşlığın yeganə maneəsi, Kosun hesabatının qısa məzmunundan göründüyü kimi, Türkiyənin Kiprə münasibətini dəyişməli olmasıdır. Söhbət Ankaranın Şimali Kipr Türk Cümhuriyyəti məsələsində barışmaz mövqeyindən gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq ictimaiyyətin Kipr türk əhalisinin müstəqil dövlətə sahib olmaq hüququnu tanımalı olduğunu israrla bildirir.
Yaranmış vəziyyətdə Ankaranın Kiprə münasibətini dəyişməsi çətin görünür, eyni zamanda Avropa İttifaqı həqiqətən də Türkiyəyə kəskin ehtiyac duyur. Son günlər İstanbulda Ukrayna məsələsi üzrə dördtərəfli Tramp-Ərdoğan-Putin-Zelenski sammitinin keçirilməsi ideyası müzakirə olunur. Bir neçə həftə əvvəl Ukrayna prezidenti Türkiyəyə səfər edib. Antalya Diplomatik Forumunun çərçivəsində Türkiyə və Rusiyanın xarici işlər nazirlərinin görüşü keçirilib, bundan sonra Türkiyə tərəfi “Putinin səfərini gözləyirik” ritorikasını yeniləyib.
Türkiyənin Avropa İttifaqı ilə, yoxsa Rusiya ilə strateji əməkdaşlıq qurmaq seçimi Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyır.
Asif Cəfərov
Ordu.az