“Operation Epic Fury” son dərəcə ağır pilotsuz uçuş aparatı itkiləri ilə müşayiət olunub. Bir vaxtlar ABŞ-nin pilotsuz uçuş aparatı donanmasının qüruru sayılan MQ-9 “Reaper” xüsusilə bundan zərər görüb, münaqişə başlayandan etibarən Yaxın Şərqdə azı 24 aparat vurulub. Hər biri 30 milyon dollar dəyərində olan itirilmiş “Reaper”lərin ABŞ Hərbi Hava Qüvvələrinə ümumi dəyəri təxminən 720 milyon dollardır, bu rəqəm yerdə məhv edilən E-3 “Sentry”, aprelin əvvəlində itirilən yüksək səviyyəli MQ-4C “Triton” pilotsuz uçuş aparatı və ya İran daxilində vurulan F-15E “Strike Eagle” təyyarəsinin pilotu və silah sistemləri zabiti olan “Dude 44”ün xilas edilməsi zamanı məhv edilən çoxsaylı təyyarələrin dəyərindən daha yüksəkdir.
Pilotsuz uçuş aparatlarının itirilməsinin maliyyə dəyərindən daha vacib olan məsələ, ehtimal ki, itki tempidir. Bu isə hətta ABŞ-nin böyük ölçüdə hava üstünlüyü əldə etdiyi bir mühitdə belə düşmən hava məkanında fəaliyyət göstərən köhnə nəsil pilotsuz uçuş aparatlarının məhdudiyyətlərini üzə çıxarır.
MQ-9 “Reaper” pilotsuz uçuş aparatı haqqında
İstifadəyə verildiyi il: 2007
İstehsal sayı: 300+
Uzunluğu: 36 fut 1 düym (11 m)
Qanad açılımı: 65 fut 7 düym (20 m)
Çəkisi: 10,494 funt (4,760 kq)
Mühərrik: Bir ədəd “Honeywell” TPE331-10 turboprop mühərriki
Maksimal sürət: təxminən saatda 300 mil (482 km/saat), tipik kreyser sürəti saatda 194 mil (313 km/saat)
Mənzil: 1,200 mil (1,900 km); faydalı yükdən asılı olaraq 27 saata qədər havada qalma müddəti
Xidmət tavanı: 50,000 fut (15,240 m)
Yük daşıma: 7 asqı nöqtəsi; 3,800 funt (1,723 kq) faydalı yük tutumu
Ekipaj: pilotsuz
MQ-9 “Reaper” ilk dəfə 2007-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib və əsas diqqət ISR (kəşfiyyat, müşahidə və aşkarlama) və zərbə rollarına yönəldilib. O, özünü 20 illik Terrora Qarşı Müharibə zamanı Yaxın Şərq, Əfqanıstan və Pakistan üzərində minlərlə saat uçuşla sübut edib. MQ-1 “Predator” ilə birlikdə şübhəli silahlı qruplara qarşı ABŞ pilotsuz zərbələrinin simvoluna çevrilib. Bu siyasət isə bu gün də mübahisə mövzusudur.
“Reaper” həmçinin EO/IR nişanalma sistemi və sintetik aperturalı radar ilə təchiz olunub. Peyk rabitə xətti uzaqdan idarəetməyə imkan verir. Platformanın məqsədi davamlılıq və dəqiqlik təmin etməkdir və o, əhəmiyyətli cavab vermək qabiliyyəti olmayan hədəflərə qarşı üstün nəticə göstərir. Lakin “Epic Fury” göstərdi ki, bu aparat müasir Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə qarşı yaşama qabiliyyəti baxımından ciddi çatışmazlıqlara malikdir.
Niyə “Reaper” pilotsuz uçuş aparatları İran üzərində itirilir?
“Reaper” elə mühitlər üçün hazırlanmışdı ki, orada Əfqanıstan və Pakistanda “Əl-Qaidə”, İraq və Suriyada isə İŞİD-ə qarşı mübarizədə olduğu kimi rəqiblərin HHM sistemləri yox idi. Saatda 300 mil və daha aşağı aşağısəs sürətlə uçan “Reaper” “Beechcraft” qədər sürətlidir, bu isə onu raketlə vurmağı asanlaşdırır. Yavaş olmasından əlavə, “Reaper” çox böyük radar izi buraxır və müəyyən ərazi üzərində uzun müddətli gözləmə trayektoriyaları ilə proqnozlaşdırılan uçuş profili üzrə hərəkət edir. Bu amillər İranın HHM raket sistemləri və radioelektron mübarizə vasitələri ilə qarşılaşdıqda görünən, yavaş və proqnozlaşdırılan “Reaper”i son dərəcə həssas edib.
İtirilmiş “Reaper”lərin əksəriyyəti HHM raketləri ilə vurulub. İtkilər əsasən İsfahan, Şiraz və Qeşm kimi əsas şəhərlər üzərində cəmlənib, bunlar İranın HHM imkanlarının aydın mərkəzləridir. Əlavə itkilər baza zərbələri, elektron pozuntular və bir halda dost atəşi nəticəsində qeydə alınıb. Ümumilikdə onlarla itki “Reaper” üçün uyğun olmayan çoxqatlı təhdid mühitini əks etdirir.
“Reaper” pilotsuz uçuş aparatı hələ də faydalıdırmı? Qismən
Əməliyyat baxımından “Reaper”in çatışmazlıqları problemdir, aparat hələ də davamlı ISR səylərinin əsas dayağıdır. Donanmanın zəifləməsi ABŞ-nin müşahidə əhatəsini birbaşa məhdudlaşdırır, nişanalma imkanlarını azaldır və digər vasitələrdən asılılığı artırır. “Reaper” itkiləri parkın ölçüsünə nisbətdə qeyri-mütənasib olub və münaqişədə ABŞ hava itkilərinin 60 faizindən çoxunu təşkil edib. Təbii olaraq ABŞ ISR şəbəkəsi ciddi şəkildə zəifləyib. “Reaper” parkını əvəz etmək də asan və sürətli olmayacaq (bu, “Tomahawk” raket ehtiyatlarını doldurmaqdan asan olacaq, amma bu da aşağı meyardır). Bir “Reaper”in istehsal müddəti 2-3 ildir. Məhdudiyyətlərə təchizat zənciri və azaldılmış satınalma tempi daxildir. Qısa müddətdə Hərbi Hava Qüvvələrinin ehtiyat parklarından istifadə edəcəyi gözlənilir.
“Reaper” hələ də yararlıdırmı? Şübhəsiz, aşağı təhdidli, əlverişli mühitlərdə yararlıdır. Terrora Qarşı Müharibə əsasən ABŞ-nin Əfqanıstandan çıxması ilə başa çatsa da, dünyanın müxtəlif yerlərində düşmən silahlı qruplar fəaliyyət göstərməkdə davam edir və “Reaper” onlara qarşı rol oynaya bilər. Məsələn, aparat Somalidə “Əl-Şəbab”a qarşı istifadəsini davam etdirib və Qərbi Afrikadakı müxtəlif ekstremist hərəkatlara qarşı da istifadə oluna bilər.
Lakin “Epic Fury” konkret şəkildə göstərir ki, “Reaper” artıq mübahisəli hava məkanında və ya bərabər güclü rəqiblə müharibədə yararlı deyil. Platforma sadəcə tələb olunan yaşama qabiliyyətinə malik deyil və yalnız uzaq məsafədən fəaliyyət göstərə bilər. Bu isə “Reaper”in rolunun və yerinin sürətlə daraldığını göstərir; gələcəkdə Rusiya və ya Çinə qarşı mümkün münaqişələrdə onun faydası çox az və ya heç olmayacaq.
Gələcəkdə ABŞ-nin keyfiyyətdən çox kəmiyyət təklif edən daha ucuz, daha tez qurban verilə bilən sistemlərə və ya daha yüksək yaşama qabiliyyəti üçün stels xüsusiyyətinə malik vasitələrə sərmayəni sürətləndirəcəyi gözlənilir. “Reaper” bir nəsil ABŞ müharibələrinin dominant platforması idi, lakin “Epic Fury” onun sərhədlərini üzə çıxardı.
Dəyanət Ağalarlı
Ordu.az