“Türksat 6A” bir ildir xidmət göstərir

2026/04/1776786337.jpg
Oxunub: 537     19:42     21 Aprel 2026    
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci il aprelin 21-də “Kosmos Vətən”də xidmətə başlayan “Türksat 6A” ilə bağlı yazılı açıqlama verib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

“Türksat 6A” üçün Nazirlikdə işlərin 2014-cü ildə başladığını bildirən Uraloğlu 2015-ci ildə TÜRKSAT və Prezident yanında Müdafiə Sənayesi Komitəsinin əməkdaşlığı ilə TUSAŞ müəssisələrində yaradılan Kosmos Sistemləri İnteqrasiya və Sınaq Mərkəzinin açıldığını xatırladıb.

“Türksat 6A” layihəsində yerliliyə və milliliyə verdikləri önəmə diqqət çəkən Uraloğlu bildirib: “Peykimiz üçün 84 yerli və milli peyk avadanlığının istehsalı həyata keçirildi. TÜBİTAK UZAY, ASELSAN, “CTech” və TUSAŞ tərəfindən istehsal edilən komponentlər sınaqdan keçirilib peykə inteqrasiya edildi. Bütün sınaqlardan uğurla keçən peykimizi ABŞ-nin Florida ştatındakı “Keyp Kanaveral” Kosmos Bazasındakı “Space X” müəssisələrindən 2024-cü il iyulun 9-da kosmosa buraxdıq. 2024-cü il dekabrın 28-də isə son xidmət orbiti olan 42 dərəcə şərq uzunluğuna çatan peykimizin ilk sınaq yayımını da 2025-ci il fevralın 17-də həyata keçirdik”.

Nazir Uraloğlu Türkiyənin peyk macərasının 1994-cü ildə “Türksat 1B” peyki ilə başladığını bildirərək, TÜRKSAT-ın bu gün 31, 42 və 50 dərəcə orbitlərindəki 6 aktiv peyklə dünya peyk operatorları arasında yer aldığını qeyd edib. Geosinxron orbitdə xidmət göstərən “Türksat 6A”nın başda televiziya yayımı olmaqla fövqəladə hallar rabitəsi kimi kritik xidmətləri geniş coğrafiyada təqdim etdiyini vurğulayan Uraloğlu xidmət keyfiyyətinin artdığını və “Türksat 6A” sayəsində televiziya yayımı həyata keçirən peyklərin ehtiyatlana bilən hala gəldiyini bildirib.

“Türksat 6A” ilə Türkiyəni rabitə peykini layihələndirib istehsal edə bilən dünyadakı 11 ölkə sırasına daxil etdiklərinə diqqət çəkən Uraloğlu deyib: “Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2025-ci il aprelin 21-də keçirilən mərasimlə rəsmi olaraq xidmətə alınan peykimiz 42 dərəcə şərq orbitindəki vəzifəsini uğurla davam etdirir. 80 faizdən çox yerlilik nisbəti ilə istehsal etdiyimiz “Türksat 6A” geniş əhatə dairəsi ilə ölkəmizin kosmos və rabitə qabiliyyəti üçün mühüm bir mərhələ oldu”.

TÜRKSAT-ın qlobal yayımçılıq bazarındakı böyümə tempində tarixi rekord

Uraloğlu “Türksat 6A” ilə eyni zamanda xidmət ixrac etdiklərini bildirərək, Dubayda keçirilən Orta Şərqin ən böyük yayımçılıq sərgisi “CABSAT 2025”də “Türksat 6A” üzərindən veriləcək xidmətlər üçün ilk ixracı həyata keçirdiklərini, TÜRKSAT ilə Dubay mərkəzli şirkət arasında imzalanan müqavilə çərçivəsində həyata keçirilən tutum satışı ilə TÜRKSAT-ın ilk dəfə Hindistanın şərqində xidmət göstərməyə başladığını açıqlayıb. “Türksat 6A” ilə birlikdə Türkiyənin əhatə dairəsini dünyanın ən uzaq nöqtələrinə çatdırdıqlarını vurğulayan Uraloğlu bunları deyib:

“Kosmos vətənimizdəki suverenliyimizi texnologiya ixrac edən qabiliyyətimizlə birləşdirdik. TÜRKSAT sadəcə bir peyk operatoru deyil, xaricdə seçilən və etibar edilən texnologiya markasına çevrildi. Pakistan, Hindistan, Nepal, Banqladeş, Myanma, Tailand, Malayziya, İndoneziya və Şri Lankanın aparıcı platforması “Freesat Lanka”nın 50 kanalını “Türksat 6A”nın xidmət əhatəsinə daxil etdik. TÜRKSAT peyklərimiz artıq 110-dan çox ölkədə, 5,5 milyard əhaliyə xidmət edir”.

TÜRKSAT peykləri üzərindən yayım edən televiziya kanalının sayının 532-yə çataraq son 10 ilin ən yüksək səviyyəsinə yüksəldiyini bildirən Uraloğlu Cənubi Asiya açılımının TÜRKSAT-ın qlobal yayımçılıq bazarındakı böyümə tempini tarixi rekorda çatdırdığını, TÜRKSAT peykləri üzərindən yayım edən kanal sayının təkcə bir ildə 20 faiz artım əldə etdiyini, xarici mərkəzli kanal sayındakı artımın isə 5 ildə 50 faiz olduğunu bildirib. 2020-ci ilin sonunda 114 olan xarici mənşəli kanal sayının 2025-ci ilin sonu etibarilə 171-ə yüksəldiyinə diqqət çəkən Uraloğlu bu artımla Türkiyənin peyk xidmətləri ixrac həcminin də rekord səviyyəyə çatdığını vurğulayıb.

Növbədə “Türksat 7A” var

Uraloğlu TÜRKSAT-ın kosmosdakı rabitə qabiliyyətini artırmaq hədəfi çərçivəsində “Türksat 7A” ilə bağlı maliyyə dəstəyini əhatə edən protokolun TÜRKSAT ilə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Nəqliyyat, Dənizçilik və Rabitə Araşdırmaları Mərkəzi Başqanlığı arasında 2025-ci il iyunun 19-da imzalandığını xatırladıb.

Sözügedən protokolla “Türksat 7A”nın hazırlanma prosesinə yönəlik olaraq Nazirlik tərəfindən təmin ediləcək dəstəyin çərçivəsinin müəyyən edildiyini bildirən Uraloğlu bunları qeyd edib:

“Türksat 7A” layihəsinə 42 dərəcə şərq orbitində xidmət göstərən “Türksat 3A” peykinin layihə ömrünün sona yaxınlaşması səbəbindən başlanıldı. 2029-cu ildə xidmətə verməyi planlaşdırdığımız bu peykimiz daha yüksək məlumat tutumu, daha güclü əhatə dairəsi və çevik resurs idarəetmə qabiliyyəti ilə Türkiyənin rəqəmsal gələcək vizyonunun daşıyıcısı olacaq. Xidmətə alındıqdan sonra ölkəmizin kosmosdakı müstəqilliyinin güclü simvolu olaraq mövcudluğunu davam etdirəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türksat-6A   Türkiyə  


Bizi "telegram"da izləyin