“Transparency”: Sorğuda iştirak edənlərin 60 faizi Ermənistan Baş Prokurorluğunu tam və ya qismən korrupsiyalaşmış hesab edir

2026/04/1776769558.jpg
Oxunub: 492     15:04     21 Aprel 2026    
“Sorğuda iştirak edənlərin 60 faizi Ermənistan Baş Prokurorluğunu tam və ya qismən korrupsiyalaşmış hesab edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun fəaliyyəti ilə bağlı hesabatın təqdimatı zamanı “Transparency International” Antikorrupsiya Mərkəzinin hüquq eksperti Anuş Hakobyan bildirib.

Hesabat müəlliflərinin fikrincə, Ermənistan Baş Prokurorluğunun müstəqilliyi 77,7 faiz və ya 17 mümkün baldan 14 bal səviyyəsində qiymətləndirilir.

Qeyd edilir ki, bununla belə, mühüm problemlər də aşkarlanıb. Bunların sırasında baş prokurorun seçilməsi üçün yüksək həddin müəyyən olunması, bunun rəqabətə mane yaratması, həmçinin açıq rəqabətin və ekspertlərin cəlb edilməsinin olmaması göstərilir. Məsələn, Ermənsitanın hazırkı baş prokuroru 2022-ci ildə yalnız hakim partiyanın nümayəndələri tərəfindən seçilib. Proses kifayət qədər şəffaf olmayıb və siyasi təsirə məruz qalıb.

Bildirilir ki, bundan başqa, Ermənistan baş prokurorunun və onun müavinlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi əsasları aydın deyil. Qanun səlahiyyətlərdən siyasi məqsədlərlə istifadəni qadağan etsə də, nəzarət mexanizmləri yoxdur və prokurorluqla hakimiyyət arasında qarşılıqlı bağlılıq haqqında təsəvvür riskləri qalır. Prokurorluğun müstəqilliyi baxımından hökumətin maliyyələşməni razılaşdırma olmadan dəyişə bilməsini nəzərdə tutan müddəa da mübahisəli sayılır.

Hesabat müəllifləri həmçinin əmlakın müsadirəsi ilə bağlı məlumatların hesabatlılığı sahəsində problemləri də qeyd ediblər. Bu isə işlərin bütün zənciri barədə təsəvvür formalaşdırmağa imkan vermir. Müstəqil nəzarət komissiyaları yoxdur, mövcud mexanizmlər isə formal xarakter daşıyır. Daxili auditin keyfiyyəti məhduddur.

Sadalananlara əlavə olaraq, ictimai qavrayış da Ermənistan Baş Prokurorluğunun xeyrinə deyil. Sorğuda iştirak edənlərin cəmi 4,7 faizi prokurorluğun antikorrupsiya fəaliyyəti barədə məlumatlıdır, 60 faizi isə qurumun tam və ya qismən korrupsiyalaşmış olduğunu düşünür. Ümumilikdə, erməni sakinlər üçün prokurorluğun əlçatanlıq səviyyəsi aşağıdır. “Qaynar xətt”, anonim məlumat vermək və birbaşa əks əlaqə imkanı yoxdur. Eyni zamanda statistika göstərir ki, müraciət edənlərin yalnız dörddə biri məlumatın altına imza atmağa hazırdır. Bu da etimad çatışmazlığını göstərir.

Məlumata görə, digər problemli sahə yüksək vəzifəli şəxslərlə bağlı işlər üzrə hökmlərin aşağı göstəricisidir və bu, ümumi yüksək hökm səviyyəsi fonunda müşahidə olunur. Bu hissə üzrə rəsmi statistika və əlçatan məlumat ümumiyyətlə yoxdur, bütün məlumatlar başqa mənbələrdən götürülüb. Əmlakın müsadirəsinə gəldikdə isə 2024-cü ildə məbləğ təxminən 556 milyard dram təşkil edib, lakin bu, ümumi göstəricinin yalnız dörddə biridir. Korrupsiya işləri üzrə göstərici 2024-cü ildə təxminən 13 faiz olub. Bu göstərici 2021-ci illə müqayisədə artıb (9 faiz), lakin yenə də aşağı səviyyədə qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Korrupsiya  


Bizi "telegram"da izləyin