Serbiya İsrail ilə birlikdə döyüş pilotsuz uçuş aparatları istehsal etməyi planlaşdırır. Açıqlama ölkənin hərbi qabiliyyətini və müdafiə sənayesi istehsalını artırmaq məqsədi çərçivəsində Prezident Aleksandar Vuçiç tərəfindən verilib.
Serbiya xəbər agentliyi “Tanjug”a danışan Vuçiç bildirib ki, layihə regionda ən qabaqcıl pilotsuz sistemləri hədəfləyir.
Vuçiç deyib: “Bu regionda ən yaxşı pilotsuz uçuş aparatlarına sahib olacağıq”. O, hazırlanacaq sistemlərin ucuz başa gəlməyəcəyini, lakin zirehli texnikalara qarşı yüksək effektivlik təmin edəcəyini vurğulayıb.
Serbiyanın İsrail ilə bərabər tərəfdaşlıq prinsipi əsasında işləyəcəyini bildirən Vuçiç istehsalın “yarı-yarıya” bölünəcəyini söyləyib.
“İsrail kimi pilotsuz uçuş aparatı istehsal etməyi bilmirik. Buna görə bu layihəni birlikdə həyata keçirəcəyik”, - deyə Vuçiç qeyd edib və razılaşmanın texnologiya transferi baxımından kritik əhəmiyyət daşıdığını bildirib.
Layihə ilə bağlı texniki detallar, istehsal qrafiki və platformanın xüsusiyyətləri hələ açıqlanmayıb. Lakin planın Serbiyanın müdafiə sənayesində xarici asılılığı azaltmaq və regional çəkindirməni artırmaq məqsədləri ilə uzlaşdığı qiymətləndirilir.
İtaliya İsrail ilə müdafiə sazişini dayandırdı
İtaliyanın baş naziri Corcia Meloni İsrail ilə müdafiə sazişini dayandırdıqlarını açıqlayıb.
2016-cı il aprelin 13-də qüvvəyə minən İtaliya-İsrail memorandumunun ləğv edilmədiyi halda hər 5 ildən bir avtomatik yenilənməsi nəzərdə tutulurdu. Meloni bu gün verdiyi açıqlamada sazişi yeniləmədiklərini deyib.
İtaliya mətbuatının məlumatına görə, müdafiə naziri Quido Krosetto israilli həmkarı İsrael Katza memorandumun dayandırıldığını bildirən məktub göndərib.
Müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan saziş hərbi texnika və texnologiya mübadiləsinin çərçivəsini müəyyənləşdirirdi.
İsrailin 2023-cü il oktyabrın 7-də həyata keçirdiyi hücumlardan sonra Qəzzadakı əməliyyatlar səbəbindən müxalifət hökumətdən bu müdafiə sazişinin dayandırılmasını tələb edirdi.
İsrailin Livandakı son hücumları da İtaliya ilə münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.
ABŞ-İran danışıqları yenidən başlaya bilər
ABŞ və İranın, Vaşinqtonun İran limanlarına tətbiq etdiyi blokadaya baxmayaraq, bu həftə müharibənin dayandırılması məqsədilə danışıqlara yenidən başlaya biləcəyi bildirilir. “Reuters” agentliyinə danışan mənbələrin sözlərinə görə, tərəflər İslamabadda danışıqlara yenidən qayıtmağı nəzərdən keçirirlər.
Blokada gərginliyi artırdı, bazarları sakitləşdirdi
ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada Tehranda sərt reaksiyalara səbəb olsa da, diplomatik təmasların yenidən başlaya biləcəyinə dair siqnallar neft bazarlarını nisbətən sakitləşdirib. Çərşənbə axşamı qlobal neft qiymətləri 100 dolların altına enib.
1979-cu il İran inqilabından bəri ən yüksək səviyyəli təmaslar kimi qiymətləndirilən danışıqlar həftəsonu Pakistanın paytaxtı İslamabadda irəliləyiş əldə olunmadan başa çatmışdı. Bu isə iki həftəlik atəşkəsin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi artırdı.
Yeni tur danışıqlar bu həftəsonu ola bilər
Danışıqlarda iştirak edən mənbələrin sözlərinə görə, tərəflərin bu həftəsonu qədər erkən bir tarixdə yenidən bir araya gəlməsi mümkündür. Yüksəkvəzifəli iranlı rəsmilərdən biri deyib: “Dəqiq tarix yoxdur, amma nümayəndə heyətləri cümə ilə bazar arasındakı dövrü açıq saxlayır”.
ABŞ Prezidenti Donald Tramp isə İranın əlaqə yaradaraq razılaşma əldə etmək istədiyini bildirib. Tramp İranın nüvə silahı əldə etməsinə imkan verəcək heç bir razılaşmanı qəbul etməyəcəyini bir daha vurğulayıb.
Hörmüz böhranı və qarşılıqlı hədələr
Fevralın 28-də başlayan toqquşmalardan bəri İran Hörmüz boğazı üzərindən keçidlərə faktiki nəzarəti ələ alaraq xarici gəmilərə məhdudiyyətlər tətbiq edib. Qlobal neft və qaz ticarətinin mühüm hissəsinin bu dar su yolundan keçməsi böhranın təsirini qlobal miqyasda artırıb.
ABŞ ordusu isə bazar ertəsi İran limanlarına daxil olan və çıxan dəniz hərəkətini əngəlləməyə başlayıb. Tehran rəhbərliyi boğazdan keçən hərbi gəmiləri hədəfə ala biləcəyini və Körfəz ölkələrinə cavab zərbələri endirə biləcəyini açıqlayıb.
Nüvə proqramı əsas fikir ayrılığı nöqtəsi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə etdiyini, lakin İranın kifayət qədər addım atmadığını deyib.
Vens vurğulayıb ki, ABŞ-nin əsas tələbləri İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə xaricinə çıxarılması və nüvə silahı hazırlanmadığının təsdiqlənməsinə yönəlmiş nəzarət mexanizminin qurulmasıdır.
“Tehran bəzi addımlar atıb, amma bu kifayət deyil”, - deyə Vens qeyd edib və Vaşinqtonun kritik məsələlərdə güzəştə getməyəcəyini bildirib.
İran blokadasına baxmayaraq hərəkət davam edir: Çin tankeri boğazdan keçdi
ABŞ sanksiyaları altında olan Çin bağlantılı tanker Hörmüz boğazından keçib. “MarineTraffic” məlumatlarına görə, Malavi bayrağı altında üzən “Rich Starry” adlı tanker çərşənbə axşamı boğazdan keçərək İrana qarşı ABŞ blokadasına baxmayaraq hərəkətini davam etdirib. Lakin gəminin səfərinə İran limanlarından başlamadığı və yükünü Birləşmiş Ərəb Əmirliklərindən götürdüyü bildirilib.
Gəmi ilk olaraq bazar ertəsi UTC vaxtı ilə saat 12:00 radələrində boğazdan keçməyə cəhd edib, lakin İranın Keşm adası yaxınlığında qısa müddətlik geri dönüb. Axşam saatlarında ikinci cəhd edən tanker çərşənbə axşamı səhər tezdən Hörmüz boğazını keçməyi bacarıb.
Dəniz nəqliyyatı izləmə məlumatlarına görə, tanker İran bağlantılı kimi təsnif edilsə də, hazırkı səfərində İrandan neft yükləməyib. Gəmi yükünü BƏƏ-dəki Hamriyah limanından götürdükdən sonra Hörmüz boğazını keçərək marşrutunu davam etdirib.
“Rich Starry” Çində yerləşən “Shanghai Xuanrun Shipping Co Ltd” ilə əlaqəli “Full Star Shipping Ltd” tərəfindən idarə olunur. Şirkət İranla ticarət əlaqələrinə görə 2023-cü ildən bəri ABŞ sanksiyaları siyahısındadır.
“MarineTraffic” məlumatlarına görə, tanker 2023-cü ilin aprelinə qədər “Full Star” adı ilə Honq Konq bayrağı altında fəaliyyət göstərirdi.
Məlumat və analiz şirkəti “Kpler” tərəfindən paylaşılan bilgilərə görə, tanker metanol daşıyır və son təyinat nöqtəsi Çin kimi görünür.
ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanın qüvvədə olduğu dövrdə, sanksiyalar altındakı gəmilərin boğazdan keçməsi diqqət çəkir.
“Kpler”in məlumatına görə, bazar ertəsi Komor adaları bayrağı altında üzən “Elpis” adlı neft tankeri də Hörmüz boğazından keçib. Həmin gəmi İranın “kölgə donanması” çərçivəsində qiymətləndirilir və İran neftinin daşınmasındakı roluna görə 2025-ci ildə ABŞ sanksiyalarına məruz qalıb.
İran bağlantılı üçüncü tanker Hörmüzdən keçdi
Daşıma məlumatlarına görə, İran bağlantılı üçüncü tanker Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub. Bu inkişaf ABŞ-nin İrana qarşı dəniz blokadasının effektivliyi ilə bağlı sualları artırıb.
LSEG məlumatlarına görə, Panama bayrağı altında üzən “Peace Gulf” adlı tanker Birləşmiş Ərəb Əmirliklərindəki Hamriyah Port limanına doğru hərəkət edir.
Bu hadisədən əvvəl, ABŞ sanksiyaları altında olan daha iki tanker eyni su yolundan keçmişdi. Lakin həmin gəmilərin İran limanlarına yönəlməməsi səbəbindən mövcud blokada tətbiqindən birbaşa təsirlənmədiyi bildirilir.
Məlumat və analiz şirkəti “Kpler”ə görə, “Murlikishan” adlı handy sinif tanker aprelin 16-da yanacaq yükləmək üçün İraqa doğru üzür. Daha əvvəl “MKA adı ilə fəaliyyət göstərən gəminin keçmişdə Rusiya və İran nefti daşıdığı məlumdur.
Trampdan İrana dəniz blokadası qərarı: Hörmüz böhranı dərinləşir
İslamabadda aparılan ABŞ-İran danışıqlarından nəticə çıxmamasından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası tətbiq ediləcəyini açıqlayıb. Bu qərarın cəmi beş gün əvvəl əldə olunmuş kövrək atəşkəsi risk altına sala biləcəyi qiymətləndirilir.
Tramp bazar günü “Truth Social” platformasında verdiyi açıqlamada deyib: “Dərhal qüvvəyə minəcək şəkildə ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına giriş və çıxış edən bütün gəmiləri blokada altına alma prosesinə başlayacaq”. Tramp həmçinin İrana keçid haqqı ödəyən gəmilərin saxlanılması barədə göstəriş verdiyini bildirərək Tehranın boğaz üzərində nəzarətini “qəsb” kimi xarakterizə edib.
Danışıqlar nəticəsiz qaldı
ABŞ ilə İran arasında gecəboyu davam edən danışıqlarda Vaşinqtonun şərtləri qəbul olunmayıb. Amerikalı bir rəsmiyə görə, təklif İranın bütün uran zənginləşdirmə fəaliyyətlərini dayandırmasını, yüksək səviyyədə zənginləşdirilmiş uranı təhvil verməsini, nüvə obyektlərini sökməsini və regional gərginliyi azaltmağa yönəlik geniş çərçivəni qəbul etməsini ehtiva edirdi.
Təklifdə həmçinin İranın HƏMAS, “Hizbullah” və husilər kimi regional vasitəçi aktorlara verdiyi maliyyə dəstəyini dayandırması və Hörmüz boğazını keçid haqqı olmadan tam açması da yer alıb.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, İran “son və ən yaxşı təklif” kimi xarakterizə olunan bu şərtləri qəbul edərsə, Vaşinqton diplomatiyaya açıq qalacaq.
Enerji bazarları və qlobal risklər
Planlaşdırılan dəniz blokadasının qısa müddətdə Hörmüz boğazından keçən bütün ticarət hərəkətini ciddi şəkildə poza biləcəyi bildirilir. Bunun hazırda müharibə səbəbindən təzyiq altında olan qlobal enerji bazarlarında yeni böhran yaratmaq riski daşıdığı qiymətləndirilir.
Tramp ABŞ-də neft və təbii qaz qiymətlərinin müvəqqəti olaraq arta biləcəyini qəbul etsə də, ən böyük təsirin enerji idxalından asılı Asiya ölkələrində hiss edilə biləcəyi bildirilir.
Hərbi risklər artır
Hörmüz boğazının dar quruluşu mümkün dəniz blokadasını hərbi baxımdan daha riskli edir. ABŞ dəniz qüvvələrinin kiçik sürətli qayıqlara, pilotsuz uçuş aparatlarına və raket hücumlarına qarşı həssas qala biləcəyi qiymətləndirilir.
Tramp blokada əməliyyatına “çox sayda ölkənin” qatılmasını gözlədiyini bildirib, lakin detalları paylaşmayıb. O, əməliyyatı ABŞ-nin daha əvvəl Venesueladan çıxan neft daşımalarını əngəlləmək üçün apardığı fəaliyyətlə müqayisə edib.
Tramp: “Razılaşma hələ də mümkündür”
Bütün gərginliyə baxmayaraq Tramp İran ilə razılaşmaya nail oluna biləcəyi ilə bağlı nikbin olduğunu bildirib. “Fox News”a verdiyi müsahibədə o, danışıqlardakı əsas problemin İranın nüvə proqramı olduğunu vurğulayıb.
“Yaxşı görüş idi, tək bir problem istisna olmaqla və bu, 95 faiz problemdir. Onlar nüvə silahına sahib olmaq istəyirlər. Bu olmayacaq”, - deyə Tramp bildirib və İran geri addım atmasa, daha sərt addımların atıla biləcəyinə işarə edib.
Tramp bildirib ki, İran nüvə proqramından əl çəkməsə, elektrik stansiyaları, raket istehsalı müəssisələri və körpülər kimi kritik infrastruktur hədəfə alına bilər. Lakin o, su resurslarını hədəf almağı “üstün tutmadığını” deyib.
ABŞ-dən İrana blokada: CENTCOM tətbiqin detallarını açıqladı
ABŞ ordusunun Mərkəzi Komandanlığı CENTCOM İrana qarşı tətbiq edilən dəniz blokadasının detallarını açıqlayıb. Açıqlamaya görə, blokada aprelin 13-də, saat 10:00 EST-də (15:00 GMT) qüvvəyə minəcək.
Komandanlıq bildirib: “Prezidentin göstərişi ilə İran limanlarına daxil olan və çıxan bütün dəniz hərəkətinə qarşı blokada tətbiq ediləcək”.
Hörmüz boğazı qərarından sonra açıqlama
ABŞ Prezidenti Donald Tramp İslamabadda ABŞ ilə İran arasında aparılan danışıqların nəticəsiz qalmasından sonra Hörmüz boğazının blokada altına alınacağını elan etmişdi.
CENTCOM-un açıqlamasında blokadanın əhatəsinin yalnız Hörmüz boğazı ilə məhdudlaşmadığına diqqət çəkilib.
Blokadanın əhatəsi dəqiqləşdi
Komandanlıq bildirib ki, blokada Ərəb körfəzi və Oman körfəzində yerləşən bütün İran limanlarını əhatə edəcək. Buna görə, İran limanlarına daxil olan və çıxan bütün ölkələrə məxsus gəmilər hədəfə alınacaq və tətbiq “neytral” şəkildə həyata keçiriləcək.
Gəmiçilik azadlığı vurğusu
CENTCOM İran xaricindəki limanlara gedən və ya həmin limanlardan gələn gəmilərin gəmiçilik azadlığının məhdudlaşdırılmayacağını vurğulayıb.
Açıqlamada deyilir: “Hörmüz boğazı üzərindən İran xaricindəki limanlara istiqamətlənən dəniz hərəkəti sərbəst qalmağa davam edəcək”.
Sevinc Əliyeva
Ordu.az