23 milyard avro dəyərində yeni su yolu: Türkiyə öz “Süveyş kanalı”nı hazırlayır

2026/04/1776245119.jpg
Oxunub: 571     13:19     15 Aprel 2026    
Hörmüz boğazının blokadası ilə bağlı yaranan enerji böhranı fonunda Türkiyə “İstanbul kanalı”nın tikintisini sürətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “Business Insider Africa” məlumat yayıb.

Yeni süni su yolu Bosfora paralel keçərək Qara dənizlə Mərmərə dənizini birləşdirəcək. Məqalədə qeyd olunur ki, kanal gündə təxminən 160 gəmi və ya tankeri qəbul edə biləcək.

“Express” nəşrinin məlumatına görə, layihənin ümumi dəyəri 23 milyard avro təşkil edir. Bunun 13 milyardı birbaşa kanalın tikintisinə, 10 milyardı isə ətraf ərazilərin infrastrukturunun yaradılmasına sərf olunacaq.

“Bu gün biz Türkiyənin inkişaf tarixində yeni səhifə açırıq. Biz “İstanbul kanalı”nı İstanbulun gələcəyini xilas edəcək layihə kimi qiymətləndiririk. O, Bosfor ətrafında yaşayan insanların həyatının və əmlakının təhlükəsizliyini təmin etməlidir”, - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021-ci ildə bildirib.

Əsas məsələ rüsum toplamaq hüququ ilə bağlıdır. BMT qaydalarına görə təbii boğazlardan istifadə pulsuzdur. Lakin Süveyş və Panama kanalları kimi süni kanallar üçün dövlətlər qanuni olaraq ödəniş ala bilir. “İstanbul kanalı” Türkiyəyə gəmilərin hərəkətindən gəlir əldə etməyə imkan verəcək.

Müqayisə üçün qeyd edək ki, Süveyş kanalının gəlirləri təkcə 2026-cı ilin yanvarın 1-dən fevralın 8-dək olan dövrdə 449 milyon dollara çatıb. “Arab News”un məlumatına görə, Beynəlxalq Valyuta Fondu 2030-cu ilə qədər bu gəlirlərin 11,9 milyard dollara çatacağını proqnozlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İstanbul-kanalı  


Bizi "telegram"da izləyin