Yaponiyanın yeni favoriti “Bayraktar” TB2S-dir

2026/04/1776076461.jpg
Oxunub: 637     14:33     13 Aprel 2026    
Yaponiya müdafiə doktrinasında tarixi dönüşə imza ataraq Quru Özünümüdafiə Qüvvələrinin (JGSDF) hava gücünü Pilotsuz Uçuş Aparatları (PUA) ilə modernləşdirməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, aprelin 7-də qanuniləşən 2026-cı maliyyə ili büdcəsində “Çoxməqsədli PUA” tədarükü üçün 69,5 milyon dollar ayrılıb.

Bu büdcə ilə alınacaq 5 sistem üçün ən güclü namizəd Ukrayna cəbhəsindəki uğuru ilə dünyanın rəğbətini qazanan Türkiyə istehsalı “Bayraktar” TB2S-dir.

“Bayraktar” TB2S, Yaponiya Müdafiə Nazirliyi hələ rəsmi model açıqlamasa da, aparılan sınaqlar və yüksək səviyyəli təmaslar Türkiyənin favorit olduğunu göstərir. “Bayraktar” TB2S peyk rabitəsi (SATCOM) qabiliyyəti sayəsində görmə xəttindən kənarda əməliyyat apara bilir. Bu xüsusiyyət Yaponiyanın geniş dəniz səlahiyyət zonalarına nəzarət etməsi üçün kritik əhəmiyyət daşıyır.

27 saat havada qala bilən pilotsuz uçuş aparatı, 150 kq sursat daşıma qabiliyyəti ilə yalnız kəşfiyyat deyil, aktiv hücum tapşırıqlarını da uğurla yerinə yetirir. 2025-ci ilin avqustunda Yaponiyanın müdafiə naziri Nakataninin Türkiyəyə səfər edərək “Baykar” müəssisələrində araşdırmalar aparması bu seçimin ən konkret işarəsi kimi qiymətləndirilir. Nazirlik TB2 sınaqlarının 2025-ci il ərzində başa çatacağını bildirmişdi. Təxminən 5 milyon dollarlıq vahid dəyəri ilə Bayraktar rəqibləri ilə müqayisədə həm daha iqtisadi, həm də müharibədə özünü təsdiqləmiş bir seçim təqdim edir.

Siyahının digər ən iddialı namizədi isə “İsrail Aerokosmik Sənayesi” (IAI) tərəfindən istehsal olunan “Heron Mk II-“dir.

141 at gücünə malik “Rotax 915 iS” mühərriki ilə təchiz olunan “Heron Mk II” 45 saata qədər havada qala bilməsi ilə diqqət çəkir. Geniş ərazi müşahidə sistemləri sayəsində Yaponiya hava məkanını tərk etmədən çox uzaq məsafələri darama qabiliyyətinə malikdir.

“Heron Mk II”nin Yaponiyadakı sınaqlarının Vakayama prefekturasındakı Şirahama Hava Limanında keçirildiyi müşahidə olunub. Bu prosesdə “Kawasaki Heavy Industries”in yerli tərəfdaş kimi çıxış etdiyi bildirilir. Müdafiə Nazirliyi “Heron Mk II” ilə bağlı qiymətləndirmələrin 2024-cü maliyyə ili etibarilə tamamlandığını açıqlayıb. Lakin sistemin təxminən 10 milyon dollarlıq vahid dəyəri “Bayraktar” ilə müqayisədə daha yüksək büdcə tələb edir.

İki əsas rəqiblə yanaşı, digər qlobal və yerli variantlar da qiymətləndirmə prosesində yer alır:

“Gray Eagle” 25M (ABŞ): 40 saatlıq uçuş müddəti və “açıq sistem” arxitekturası ilə tapşırıq növünə görə sürətlə modifikasiya oluna bilən bu model ABŞ ordusunda yeni istifadəyə başlanıb.

SUBARU (yerli VTOL): Yaponiya nəhəngi SUBARU təxminən 4.1 milyon dollar dəyərində şaquli eniş-qalxış edə bilən (VTOL) PUA konsepsiyası üzərində işləyir.

Yaponiya ənənəvi pilotlu tank əleyhinə və kəşfiyyat helikopterlərinin yerinə yetirdiyi tapşırıqları tamamilə PUA-lara verməyi planlaşdırır. 2026-cı ilin martında başa çatan məlumat toplama prosesindən sonra “Bayraktar” TB2S-in baş rolu oynaması gözlənilən bu yeni dövr Yaponiyanın regional çəkindirməsində dönüş nöqtəsi olacaq. Xüsusilə “Baykar”ın hazırladığı süni zəka dəstəkli və turbo mühərrikli TB2T-AI kimi yeni nəsil modellərin də yapon rəsmilərinin radarında olduğu bilinir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Bayraktar-TB2S  


Bizi "telegram"da izləyin