Ordu.az xəbər verir ki, bu barədə “The War Zone” məlumat yayıb.
Gəminin fotosu 2026-cı il martın 29-da “Whidbey Island” sinfinə məxsus desant gəmisi USS “Comstock”un göyərtəsindən çəkilib.
Şəkildə esminesin arxa hissəsində, yuxarı göyərtədə yeni qurğunun quraşdırıldığı görünür. Qurğu “Zone 5 Technologies” tərəfindən hazırlanan “White Spike” önləyici sisteminin buraxılış qurğusuna bənzəyir.
Sistem üst quruluşun arxa hissəsində, sol tərəfdə yerləşən torpedo boruları ilə “Mk 41” şaquli buraxılış sistemi arasında quraşdırılıb. Qurğunun konstruksiyasında bir neçə hüceyrə mövcuddur və ehtimal ki, buraxılışdan əvvəl qaldırılan fırlanan baza istifadə olunur.
Bu sistem 2025-ci ilin dekabr ayına qədər esminesdə mövcud olmayıb və bu sinfə məxsus digər gəmilərdə oxşar qurğular müşahidə edilməyib.
“White Spike”dən əlavə, ABŞ Hərbi Dəniz Qüvvələri “Anduril” şirkətinin “Roadrunner-M” və “Raytheon”un “Coyote” önləyici sistemlərinin inteqrasiyasını da nəzərdən keçirir. Sonuncular əvvəllər USS “Bainbridge” və USS “Winston S. Churchill” esmineslərinin göyərtəsində oxşar yerlərdə müşahidə edilib.
Lakin USS “Carl M. Levin”dəki sistem bu sistemlərin heç bir məlum versiyasına uyğun gəlmir.
Digər mümkün variant AGM-179 “Joint Air-to-Ground Missile” (JAGM) üçün buraxılış qurğusu ola bilər.
“Lockheed Martin” daha əvvəl bu raketlər üçün dörd hüceyrəli modulların “Arleigh Burke” sinfinə məxsus esmineslərin arxa hissəsində yerləşdirilməsi konsepsiyasını təqdim edib. Aktiv axtarış başlıqlarına malik JAGM raketləri həm pilotsuz uçuş aparatlarını, həm də kiçik qayıqları məhv edə bilər.
Döyüş funksiyalarından əlavə, sistem saxta hədəflər və ya saxta pilotsuz uçuş aparatları da buraxa bilər.
ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri gəmiəleyhinə raketlərdən yayındırmaq üçün uzunmənzilli avtonom sistemləri fəal şəkildə sınaqdan keçirir. Fevral ayında Müdafiə İnnovasiyaları Bölməsi gəmilərdə sürətli yerləşdirmə üçün konteyner tipli pilotsuz uçuş aparatı buraxılış qurğularına dair sorğu yayıb.
Bundan əlavə, bu sistemin yeni antidron qurğusu və ya digər yeni silah növü olduğu barədə ehtimallar var, lakin ABŞ Hərbi Dəniz Qüvvələri bu barədə şərh verməyib.
Sevinc Əliyeva
Ordu.az