Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin fikrincə, Peter Macarın uğuru yeni qlobal tendensiyanın bir hissəsidir. Bu tendensiyaya görə siyasi “autsiderlər” sıfırdan partiyalar yaradaraq və ya köhnə sistemləri daxildən dağıdaraq onilliklər ərzində mövcud olmuş rejimləri ardıcıl şəkildə devrir.
“Politico” bu sıraya Emmanuel Makronu, Xavyer Mileyi, Mark Karni və Donald Trampı da daxil edir. Məqaləyə görə, ABŞ-nin hazırkı prezidentinin rəqibləri arasında təsir və miqyas baxımından onlara bərabər ola biləcək heç kim yoxdur.
“Politico” qeyd edir ki, demokratlar ardıcıl şəkildə əks yolu seçiblər, cəsarətli ideyalar əvəzinə idarə olunan namizədlərə, mövcud qaydalara və maraqlı qruplarla kompromislərə üstünlük veriblər. Bu yanaşmanın nəticəsi kimi 2016-cı ildə Hillari Klinton, 2020-ci ildə Co Bayden və 2024-cü ildə Kamala Harris namizəd olub. Bunlar partiyadaxili real rəqabət olmadan irəli sürülən namizədlərdir.
Nəşr etiraf edir ki, ABŞ siyasi sistemi Macarıstandakı sistemdən daha dayanıqlıdır. Bununla belə, Tramp artıq sübut edib ki, köhnə partiyanı məhz daxildən ələ keçirmək mümkündür.
Sevinc Əliyeva
Ordu.az