ABŞ-nin müttəfiqləri Hörmüz boğazının blokadasında iştirakdan imtina edirlər

2026/04/1775391073.jpg
Oxunub: 374     12:36     13 Aprel 2026    
Hörmüz boğazının blokadası ilə bağlı Trampın bəyanatı Vaşinqtonun müttəfiqləri tərəfindən ziddiyyətli reaksiyalarla qarşılanıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Avstraliya bəyan edib ki, bu əməliyyatda iştirakla bağlı heç bir müraciət almayıb. “Onlar bu bəyanatı birtərəfli şəkildə ediblər. Bizdən iştirak etməyimizi xahiş etməyiblər”, - deyə baş nazir Entoni Albaniz bildirib və tərəfləri danışıqları bərpa etməyə çağırıb. Onun sözlərinə görə, yaranmış vəziyyət istisnasız olaraq bütün ölkələr üçün “nəhəng qlobal iqtisadi təsir” yaradır.

Böyük Britaniya da blokadada iştirakdan imtina edib, britaniyalı hərbi gəmilər və hərbçilər İran limanlarının blokadaya alınması əməliyyatlarına cəlb olunmayacaq. Bununla yanaşı, London boğazda naviqasiya azadlığını bərpa etmək məqsədilə 40-dan çox ölkədən ibarət koalisiya formalaşdırır. London həmçinin İranın boğazdan keçən tankerlərdən 2 milyon dollar məbləğində tranzit rüsumu toplamasını pisləyib.

İspaniya ən sərt mövqe tutub. Xarici işlər naziri Xose Manuel Albares açıq şəkildə bəyan edib ki, “NATO bu müharibədə iştirak etməyəcək”. O, Hörmüz boğazından keçidin təmin edilməsini alyansın mandatından kənar məsələ adlandırıb. Bu, faktiki olaraq NATO-nun rəsmi missiya yaratmaq imkanını bloklayır, çünki bunun üçün bütün 32 üzvün razılığı tələb olunur.

Yaponiya isə ehtiyatlı mövqe nümayiş etdirərək hadisələrin inkişafını “diqqətlə izlədiyini” bildirib. Tokio bu məsələdə xüsusilə həssasdır, çünki ölkəyə idxal olunan neftin 93 faizi məhz Hörmüz boğazından keçir. Donald Tramp açıq şəkildə Yaponiyanı və Cənubi Koreyanı köməkdən imtina etdiklərinə görə tənqid edib və vurğulayıb ki, ABŞ hərbi qüvvələri həmin ölkələrin ərazilərində yerləşir. Yapon rəsmiləri minatəmizləmə gəmilərinin göndərilməsi variantını mümkün hesab etsələr də, bunun yalnız tam atəşkəsdən sonra baş verə biləcəyini qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin