Əllərindəki qabaqcıl sistemlər nə raketləri, nə də pilotsuz uçuş aparatlarını tam şəkildə qarşısını ala bilmədi. Ekspertlər yeni mərhələdə region ölkələrinin Türkiyə müdafiə sənayesi məhsullarına yönələcəyi qənaətindədir.
ABŞ və İsrailin İrana hücumları, Tehranın isə cavabını Körfəz ölkələri üzərindən verməsi yeni bir dövrün qapılarını açdı. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər başda olmaqla region ölkələrinin “Hər hansı problem olarsa ABŞ-dən aldığımız sistemlər bizi qoruyar” düşüncəsi puça çıxdı.
Nə sadaladığımız ölkələr, nə də regiondakı digər mərkəzlər İrandan gələn raketləri və ya kamikadze pilotsuz uçuş aparatlarını tam şəkildə dayandıra bilmədi. Səudiyyə Ərəbistanının göz bəbəyi kimi qoruduğu neft obyektləri vuruldu. İmici üçün trilyonlarla dollar xərclənən Dubaydan tüstülər yüksəldi. Qətərin ürəyi hesab olunan qaz istehsalı mərkəzi hədəfə alındı.
Nümunələri artırmaq mümkündür... Məhz bu nöqtədə milyardlarla dollarlıq bir sual yenidən gündəmə gəldi. ABŞ tərəfindən qoruna bilməyən Körfəz ölkələri yenidənqurma prosesində müdafiə üçün hansı strategiyanı izləyəcək?
“Müdafiə sənayesi də siyasi böhranlardan təsirlənmişdi”
Müdafiə Sənayesi üzrə ekspert Yusuf Akbaba Körfəz ölkələrinin bu gününə gəlməzdən əvvəl keçmiş üçün qısa bir haşiyə açır. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə yaşanan siyasi böhranlar səbəbilə müdafiə sənayesində əməkdaşlığın da dayandığını xatırladır.
Qətərlə hər sahədə çox yaxın münasibətlər olsa da, müdafiə sənayesi məhsullarının tədarükü məsələsində istənilən səviyyəyə bir cür çatılmadığını vurğulayır. Eyni şəkildə Bəhreyn və Omanda da Türkiyə müdafiə sənayesi məhsullarının tədarükünün hər zaman məhdud qaldığını izah edir.
“Körfəz ölkələri Türkiyə müdafiə sənayesinə ehtiyatla yanaşırdı”
Akbaba qeyd edir: “Körfəzin Türkiyəyə yönəlmiş ehtiyatlı bir mövqeyi var”. ABŞ-dən tədarük edə bilmədiklərini Çin, Cənubi Koreya və Avropa ölkələri ilə həll etmək istədiklərindən bəhs edir. Hətta bəzi məhsullarda Pakistanın önə çıxdığını sözlərinə əlavə edir.
Akbaba yaxın keçmişə qədər Körfəzdəki bəzi ölkələrdə “Türkiyədən edəcəyimiz satınalmalar Türkiyə müdafiə sənayesini və Türkiyə iqtisadiyyatını daha da böyüdə bilər” fikrinin hakim olduğunu bildirir. Lakin İran-İsrail-ABŞ arasında baş verənlər və bunun öz ölkələrinə təsirini gördükdən sonra məcburən istiqamətlərini Ankaraya çevirmək məcburiyyətində qaldıqlarını qeyd edir.
“Türkiyədən çox sayda tələb var”
Mövcud münaqişə mühitinin doğurduğu təcili ehtiyaclar səbəbilə Körfəz ölkələrindən Türkiyəyə çox sayda tələb gəldiyini bildirən Yusuf Akbaba sözlərini belə yekunlaşdırır:
“Körfəz ölkələri az əvvəl qeyd etdiyim ön mühakiməyə baxmayaraq Türkiyəyə məcbur qalacaq... Bunun müxtəlif səbəbləri var. Əlbəttə, ilk növbədə Türkiyə müdafiə sənayesi məhsulları özünü sahədə sübut etdi və çox mühüm imkanlara malik olduğunu göstərdi.
Lakin təkcə bizim yaxşı olmağımız kifayət deyil. Məsələn, ən mühüm potensial namizədlərdən biri Cənubi Koreyadır. Lakin xüsusilə hava hücumundan müdafiə sistemlərində onların həm öz ehtiyacları çox yüksəkdir, həm də artıq imzaladıqları satış müqavilələrinin həcmi kifayət qədər böyükdür. Yəni oradan Körfəzə əlavə dəstəyin çıxması çətindir.
Digər mühüm ünvan Çinidir. Lakin burada da fərqli problemlər var. Səudiyyə Ərəbistanı Çindən tədarük etdiyi lazer silahından qətiyyən razı qalmadı. Çünki kağız üzərindəki performansını sahəyə əks etdirə bilmədi. Yenə Çin pilotsuz uçuş aparatları bu prosesdə gözləniləni vermədi.
Türkiyənin məhz bu dövrdə həm hava hücumundan müdafiə sahəsində, həm də raket sistemləri sahəsində ciddi yüksəlişi var. Pilotsuz uçuş aparatlarında isə artıq potensialımız da, bacardıqlarımız da ortadadır. Hər iki sahədə istehsal gücümüzü gündən-günə artırırıq. Türkiyə müdafiə sənayesinin ulduzu getdikcə parlayır. Ölkəmizin daha da önə çıxacağına inanıram. Günün sonunda bəzi Körfəz ölkələri bəlkə istəmədən də olsa məcbur qalıb Türkiyədən məhsul ala bilər”.
Sevinc Əliyeva
Ordu.az