Viktor Orbanı məğlub edən Peter Macar kimdir?

2026/04/1776058861.jpg
Oxunub: 466     09:37     13 Aprel 2026    
Peter Macar uzun müddət dövlət idarəçiliyi və biznes sahələrində çalışıb.

Ordu.az xəbər verir ki, o, dövlət şirkətlərində vəzifələr tutub və Orbanın rəhbərlik etdiyi hakim “Fides” partiyası ilə əlaqələrə malik olub.

O, 2024-cü ilin əvvəlində hakimiyyətlə açıq qarşıdurmadan və ölkənin idarəetmə sistemini sərt tənqid etməsindən sonra geniş tanınıb. Onun bəyanatları geniş ictimai narazılıq doğurub və kütləvi etiraz aksiyalarına səbəb olub.

Peter Macar 1981-ci il martın 16-da Budapeştdə, asanlıqla macar elitasının bir hissəsi sayıla biləcək bir ailədə anadan olub.

Macarın babası Macarıstan Ali Məhkəməsinin hakimi və 1970-1980-ci illərdə ölkənin tanınmış media simalarından biri olan Ereş Pal idi. Pal televiziya siması idi, uzun illər dövlət televiziyasında yayımlanan “Hüquqi işlər” adlı məşhur proqramı aparırdı. Onun real məhkəmə işlərini təhlil etməsi həmin dövrdə kütləvi mədəniyyətin bir hissəsinə çevrilmişdi. O, küçədə tanınırdı və ölkənin ən nüfuzlu hüquqşünaslarından biri hesab olunurdu.

Peter Macarın xaç atası onun nənəsinin qardaşı Ferens Madl olub. O, Budapeşt Universitetinin hüquq professoru idi. Daha sonra o, “Fides” partiyasına qoşulub və 2000-2005-ci illərdə Macarıstanın prezidenti olub.

Macarın valideynləri də hüquqşünas olublar. Buna görə Peterin də universitetdə hüquq təhsili alması təəccüblü deyil.

Lakin bundan əvvəl Macar Budapeştin mərkəzində yerləşən elit Piarist katolik məktəbini bitirib. Məhz burada, Macarın sonradan BBC-nin müxbiri Nik Torp ilə müsahibəsində dediyi kimi, o, ilk dəfə Viktor Orbanla görüşüb.

45 yaşlı siyasətçi “Tisa”ya 2024-cü ildə qoşulub, halbuki partiya (rəsmi olaraq avropayönümlü partiyadır) 2020-ci ilin oktyabrından mövcuddur. O, Macarıstanda keçirilən son parlament seçkilərindən əvvəl yaradılıb, lakin heç vaxt həmin seçkilərdə iştirak etməyib.

- Peter Macar 12 il ərzində indi qarşı çıxdığı Viktor Orbanın “Fides” partiyasının üzvü olub. Partiya 2010-cu il seçkilərində qalib gəldikdən sonra Macar xarici işlər naziri təyin olunub. Növbəti il Macarıstan Avropa İttifaqı Şurasına sədrlik edərkən o, Macarıstanın Avropa İttifaqındakı daimi nümayəndəliyinə keçib.

- Orbanın rəqibi vaxtilə artıq hakimiyyətdə olmuş bir ailədən çıxıb. Onun böyük əmisi Ferens Madl da Macar kimi “Fides”in üzvü olub. 2000-ci ildə Madl ikinci cəhddə Macarıstan prezident seçkilərində qalib gəlib və bu vəzifəni 2005-ci ilin avqustuna qədər tutub.

- Müxalif siyasətçinin soyadı olan Macar macar dilindən sözbəsöz “macar” kimi tərcümə olunur. Macar respublikada yaşayan xalqın özünüadlandırmasıdır. Beləliklə, Viktor Orbanın rəqibinin adı “Peter macar” kimi tərcümə oluna bilər.

- “Tisa” partiyasının lideri ictimai rəy sorğularında önə çıxsa da və beynəlxalq media onun Viktor Orbanın 16 illik baş nazirliyinə son qoya biləcəyini bildirsə də, Macar özü özünü baş nazir postuna namizəd adlandırmır və bildirir ki, Macarıstan Konstitusiyasında “baş nazirliyə namizəd” vəzifəsi nəzərdə tutulmayıb. Bununla belə, ölkə hökumətinə adətən partiya siyahısına rəhbərlik edən şəxs başçılıq edir.

- “Politico”nun məlumatına görə, Peter Macar digər macar müxalifət partiyalarına seçkilərdən geri çəkilmələri üçün təzyiq göstərib. O bildirirdi ki, əks halda onlar Orbanın hakimiyyətdə qalmasına kömək edəcəklər. Macarın sözünü qəbul etməyib namizədliyini irəli sürənlər “Tisa” tərəfdarlarının təqiblərinə məruz qalıblar.

- Macarın keçmiş həyat yoldaşı, onunla üç övladı olan şəxs ölkənin keçmiş ədliyyə naziri Yudit Varqadır. Onlar Varqanın Avropa Parlamentinə seçkilərdə “Fides”in kampaniyasına rəhbərlik etmək üçün nazir postunu tərk etməsindən bir qədər əvvəl boşanıblar. Lakin fevralın 10-da Yudit Varqa və Macarıstan prezidenti Katalin Novak Biçkedəki uşaq evinin keçmiş direktor müavininin əfvi ilə bağlı yaranmış qalmaqal səbəbindən istefa veriblər. Həmin şəxs uşaq evində uşaqlara qarşı cinsi zorakılıq hallarının gizlədilməsində iştirak edib.

Peter Macar 2024-cü ilin fevralında “Fides”dən ayrıldığını rəsmi şəkildə elan edəndə, o, siyasi elitanı və şəxsən Viktor Orbanı korrupsiya və himayədarlığı ört-basdır etməkdə ittiham edib. Sonradan o, dəfələrlə fəaliyyətdə olan baş naziri və onun tərəfdarlarını tənqid edib.

Macarın Orbana açıq düşmənçiliyinə baxmayaraq, müxalif siyasətçi bir dəfə Macarıstanın baş nazirini açıq şəkildə müdafiə edib. Mart ayında Ukrayna prezidenti Vladimir Zelenski Budapeşt Kiyevə Avropa İttifaqı tərəfindən verilən krediti blokladıqdan sonra Viktor Orbanı Ukrayna Silahlı Qüvvələri ilə görüşlə hədələməyə başlayıb. Həmin vaxt Macar bildirib ki, “heç bir xarici lider heç bir macarı təhdid edə bilməz”. Müxalifət lideri həmçinin Avropa İttifaqını Zelenski öz sözlərini izah edib respublikanın bütün vətəndaşlarından üzr istəyənə qədər Ukrayna ilə bütün əlaqələri kəsməyə çağırıb.

Əgər Orbanı tez-tez “rusiyapərəst” siyasətçi adlandırırlarsa, Macarı “ukraynayönümlü” adlandırmaq kifayət qədər çətindir. O, Kiyevə silah tədarükünə və Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünə qarşıdır. Bununla yanaşı, “Tisa” partiyasının seçki proqramında Macarıstanın Rusiya nefti və qazından asılılıqdan mərhələli şəkildə azad olması çağırışı yer alıb. Macarın proqramına görə, bu, 2035-ci ilə qədər baş verməlidir. Bundan başqa, müxalifət lideri Rusiya ilə bağlı “praqmatik” yanaşmanın zəruri olduğunu bildirib. Macarın sözlərinə görə, bu, ölkələrin bir-birinin daxili işlərinə qarışmaqdan çəkinməsi deməkdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peter-Macar   Macarıstan  


Bizi "telegram"da izləyin