Ordu.az xəbər verir ki, bu fikir “Dawn” qəzetinin redaksiya məqaləsində yer alıb.
Nəşr hesab edir ki, ciddi nəticələr əldə etmək olduqca çətin olacaq. Ən yaxşı halda ABŞ ilə İranın danışıqları davam etdirmək barədə razılığa gəlməsi gözlənilə bilər. Ən pis halda isə əsas məsələlər üzrə razılıq əldə olunmazsa və İsrail Livanda hücumlarını davam etdirərsə, diplomatik səylər çıxılmaz vəziyyətə düşə bilər.
Məqalədə qeyd olunub ki, İran tərəfinin irəli sürdüyü bəzi təkliflər üzrə ABŞ güzəştə gedə bilər. Bu, sanksiyaların qismən və ya tam ləğvi və vurulmuş ziyana görə reparasiyaların ödənilməsi ilə bağlıdır. Lakin bölgədən ABŞ hərbçilərinin çıxarılması və Tehranın nüvə proqramının davam etdirilməsi ilə bağlı məsələlər razılaşma baxımından daha mürəkkəb olacaq.
“Dawn” həmçinin bir iranlı rəsminin sözlərini sitat gətirib. O bildirib ki, İran “Beyrutda hücumların dayandırılmasına nail olub və bunu danışıqlarda qırmızı xətt kimi müəyyən edib”. Mənbə vurğulayıb ki, “əgər İsrail bu xətti yenidən keçərsə, danışıqlar dayandırılacaq”.
Sevinc Əliyeva
Ordu.az