Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Barselonada keçirilən beynəlxalq tədbirdə çıxış edən Sançes deyib: “Vahid ordu yaratmağa hazırıq. Bu addım on il sonra deyil, dərhal, hətta sabah atılmalıdır”.
Sançes mövcud qlobal təhlükəsizlik mühitində Avropanın başqa seçimi olmadığını qeyd edərək bildirib: “Bunun könüllü qərar olduğunu düşünənlər yanılır. Avropa İttifaqını təşkil edən orta güclər kimi özümüzü qorumağın yeganə yolu vahid müdafiə qurmaq və zəifliklərimizi birlikdə idarə etməkdir”.
Avropa üçün “yeganə yol”: kollektiv müdafiə
Sançesin sözlərinə görə, Avropanın təhlükəsizlik və müdafiə sahəsində effektiv olması üçün milli yanaşmalar əvəzinə kollektiv strategiya qəbul edilməlidir: “Əks halda, bu zəifliklərin xarici aktorlar tərəfindən istifadə edilməsinə imkan verəcəyik”.
“Politico” tərəfindən Barselonada təşkil olunan tədbirdə çıxış edən Sançes Avropanın tarixi missiyasına da toxunaraq bildirib: “Avropa geri çəkilməklə deyil, sülh, demokratiya, həmrəylik və sosial ədalət dəyərlərini müdafiə etmək cəsarəti ilə qurulub”.
Sançes həmçinin diplomatiya ilə müdafiənin paralel aparılmasının vacibliyini vurğulayaraq qeyd edib: “Diplomatiya təhlükəsizlik və müdafiə qədər vacibdir”.
“Avropa sülh üçün ümid olaraq qalır”
Sançes qlobal münaqişələrə də toxunaraq Qəzza, Qərb sahili, İran və Livandakı hadisələrin Avropa üçün birbaşa əhəmiyyət daşıdığını bildirib: “Bu qeyri-müəyyənlik dövründə Avropa sülh üçün ümid olaraq qalır”.
Livanla bağlı son vəziyyətə toxunan Sançes bildirib ki, İsrailin hücumları davam edir və ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəsin şərtləri ilə bağlı fikir ayrılığı mövcuddur. Onun sözlərinə görə, İran hücumların dayandırılmasının razılaşmanın bir hissəsi olduğunu iddia edir və bu, danışıqları çətinləşdirir.
“Livanın yeni Qəzzaya çevrilməsinə imkan verməməliyik”, - deyə Sançes bildirib və beynəlxalq humanitar hüququn pozulmasına qarşı Avropanın vahid mövqe sərgiləməli olduğunu vurğulayıb. O həmçinin Avropa İttifaqının İsrail ilə tərəfdaşlıq sazişini dayandırmalı olduğunu bildirib.
100 minlik Avropa qüvvəsi gündəmdə
Sançesin çağırışı Avropa Müdafiə Agentliyinin icraçı direktoru Andre Denkin açıqlamalarından sonra səsləndirilib. Denk Avropanın strateji müstəqilliyini artırmaq üçün müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsinin vacibliyini bildirib və ABŞ-dən asılılığın hələ də yüksək olduğunu vurğulayıb.
Denk deyib: “Məsələ təkbaşına hərəkət etmək deyil, tərəfdaşlarla birlikdə hərəkət etməkdir”. O, Avropanın daha güclü silahlı qüvvələrə, daha dayanıqlı müdafiə sənayesinə və daha dərin əməkdaşlığa ehtiyac duyduğunu qeyd edib.
Avropa müdafiə komissarı Andrius Kubilius isə təxminən 100 min hərbçidən ibarət daimi Avropa hərbi qüvvəsinin yaradılmasını dəstəkləyib. Bu ideyanın daha əvvəl Jan-Klod Yunker, Emmanuel Makron və Angela Merkel tərəfindən də irəli sürüldüyü xatırladılıb.
Avropa müdafiə xərclərində rekord artım
Kubilius bildirib ki, Avropa İttifaqı öz komanda-idarəetmə imkanlarını inkişaf etdirməli və qitədə yerləşən təxminən 100 min amerikalı hərbçinin yerini tuta biləcək struktur qurmalıdır.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Avropanın müdafiə xərcləri 2025-ci ildə 12,6 faiz artaraq 454 milyard avroya çatıb. Bu göstərici qlobal müdafiə xərclərinin 21 faizindən çoxuna bərabərdir, halbuki 2022-ci ildə bu göstərici 17 faiz idi.
Eyni dövrdə qlobal müdafiə xərclərində artımın 2,5 faiz səviyyəsində qalması Avropadakı artımın dünya ortalamasından beş dəfə çox olduğunu göstərir.
Sevinc Əliyeva
Ordu.az