Serbiya və İsrail PUA istehsalında əməkdaşlıq edəcək

2026/04/photo-1775887165.jpg
Oxunub: 389     09:54     11 Aprel 2026    
“Elbit Systems” və “Yugoimport-SDPR”in Serbiyanın paytaxtı Belqradda birgə pilotsuz uçuş aparatı istehsalını əhatə edən razılaşma imzaladığı iddia olunur.

Ordu.az İsrailin “Haaretz” qəzetinə istinadən xəbər verir ki, İsrailin “Elbit Systems” və Serbiyanın “Yugoimport-SDPR” şirkətləri Belqrad yaxınlığındakı Simanovçi bölgəsində yeni istehsal müəssisəsi yaratmaq üçün tərəfdaşlıq razılaşması imzalayıb.

Məlumata əsasən, yeni nəsil texnologiyalarla təchiz ediləcək müəssisədə “Elbit Systems” 51 faiz payla əsas tərəfdaş olacaq, qalan 49 faiz pay isə Serbiyanın dövlət şirkəti SDPR-yə məxsus olacaq.

Serbiya Prezidenti Aleksandar Vuçiç yaxın vaxtlarda “dünyanın ən ciddi oyunçuları üçün ən ciddi pilotsuz uçuş aparatlarını istehsal edəcəyik” sözləri ilə yeni istehsal müəssisəsinin yaradılacağını açıqlamışdı. O, müəssisənin iki tərəfdaşlı layihə olacağını və apreldə fəaliyyətə başlaya biləcəyini bildirsə də, strateji tərəfdaşın adını gizli saxlamışdı. Balkanda yerləşən BIRN və İsraildə yerləşən “Haaretz” tərəfindən aparılan araşdırma Serbiyanın bu tərəfdaşının “Elbit Systems” olduğunu üzə çıxarıb.

İki tip pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır

BIRN və “Haaretz” tərəfindən əldə olunan rəsmi sənədlər və müstəqil mənbələrin məlumatına görə, “Elbit Systems” və SDPR iki fərqli tip pilotsuz uçuş aparatı istehsal etməyi planlaşdırır. Qurulacaq müəssisədə qısa məsafəli tapşırıqlarda ağır sursat daşıya bilən kvadropkopter tpli model ilə yanaşı, 6000 metr hündürlüyə qalxa bilən daha inkişaf etmiş uzun mənzilli pilotsuz uçuş aparatı istehsal olunacaq.

Adı açıqlanmayan mənbə uzun mənzilli pilotsuz uçuş aparatının Serbiya istehsalı “Pegaz” modelindən “daha qabaqcıl” olduğunu bildirib. Mənbə BIRN-ə açıqlamasında qeyd edib: “Daha yüksək uçuş hündürlüyünə və daha geniş əməliyyat müstəqilliyinə malikdir. Əsas məsələ də budur, çünki biz bunu təkbaşına bacarmırıq. Ümumi ideya texnologiya transferidir, çünki serbiyalı mühəndislər də bu layihədə iştirak edəcək və bu pilotsuz uçuş aparatı bütün bu prosesin zirvəsi olacaq”. Digər mənbəyə görə isə SDPR-yə məxsus serb aviasiya şirkəti UTVA-nın mühəndisləri də layihədə iştirak edəcək.

Bununla yanaşı, araşdırmalar fabrikin ilkin mərhələdə hökumətyönlü serb media maqnatı Jelko Mitroviçə məxsus “Pink Media Group” şirkətinin obyektində qurulmasının planlaşdırıldığını göstərib. Lakin “Pink Media Group” bu iddiaları qəti şəkildə təkzib edib. Şirkətin açıqlamasında qeyd olunub: “Bu məlumat tamamilə əsassızdır. Nə Jelko Mitroviçin, nə də “Pink Media Group”un bu layihə ilə heç bir əlaqəsi yoxdur. O, sözügedən pilotsuz uçuş aparatı zavodu ilə bağlı heç bir görüş, müzakirə və ya razılaşma prosesində iştirak etməyib”. Həmçinin Mitroviç ilə əlaqəli heç bir qurumun layihədə iştirak etmədiyi vurğulanıb.

Serbiya İsraildən ilk dəfə sistem tədarük etmir

İki ölkə arasındakı münasibətlər yalnız bu əməkdaşlıqla məhdudlaşmır. Ötən ilin əvvəlində “Elbit Systems” Serbiyaya 335 milyon dollar dəyərində qabaqcıl artilleriya sistemləri və pilotsuz uçuş aparatları tədarük edib. Avqust ayında isə Belqrad rəhbərliyi ilə pilotsuz uçuş aparatları, uzun mənzilli raketlər, radioelektron mübarizə sistemləri və digər kritik hərbi texnikanı əhatə edən 1,6 milyard dollarlıq böyük razılaşma imzalanıb.

Həmin ay BIRN Belqradda yerləşən “Edepro” şirkətinin 2018-ci ildən etibarən “Elbit Systems” tərkibində fəaliyyət göstərən “IMI Systems”ə məhsul ixrac etdiyini bildirib. Bu şirkət özünü raket və pilotsuz uçuş aparatı hərəkət sistemləri sahəsində regional lider kimi təqdim edir. İki ölkə arasındakı müdafiə münasibətlərinin strateji tərəfdaşlığa çevrilməsi rəqəmlərdə də əks olunub. Serbiyanın İsrailə silah ixracı 2023-cü ildən bəri 42 dəfə artaraq ötən il 114 milyon avroya çatıb. Bu ixracın böyük hissəsi dövlət şirkəti SDPR tərəfindən idarə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   İsrail   PUA  


Bizi "telegram"da izləyin