Tatlıoğlu açıqladı: Türkiyə HDQ eyni vaxtda 50 döyüş gəmisi inşa edəcək

2026/04/1775763242.jpg
Oxunub: 596     23:28     09 Aprel 2026    
Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu “Mavi Vətən-2026” təlimi çərçivəsində Antalyada icra olunan faktiki atış mərhələsində verdiyi açıqlamada Türkiyə Hərbi Dəniz Qüvvələrinin mövcud gücü və davam edən layihələri ilə bağlı mühüm məlumatlar paylaşıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Tatlıoğlu bildirib ki, təlim 120 gəmi, 50 hava vasitəsi və 15 min şəxsi heyətin iştirakı ilə keçirilir, eyni vaxtda həyata keçirilən gəmi inşası fəaliyyəti isə qısa müddətdə 50 platformaya çatacaq.

Təlimin əhatə dairəsi və icra olunan fəaliyyətlər

Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən Qara dəniz, Egey dənizi və Şərqi Aralıq dənizində təşkil olunan “Mavi Vətən-2026” təliminin Antalyadakı faktiki atış mərhələsi TCG ANADOLU üzərindən izlənilib. Tatlıoğlu təlimin geniş iştiraklı strukturuna diqqət çəkərək Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyat bacarığını sahədə sınaqdan keçirdiyini bildirib.

Tatlıoğlu qeyd edib: “120 gəmi, 50 hava vasitəsi və 15 min şəxsi heyətin iştirakı ilə təlimimizi icra edirik”.

Davam edən gəmi layihələri

Hərbi Dəniz Qüvvələrinin inventarının gücləndirilməsinə yönəlmiş layihələrə toxunan Tatlıoğlu aviadaşıyıcının inşa prosesinin davam etdiyini bildirib. O, həmçinin hava hücumundan müdafiə müharibəsi çərçivəsində hazırlanmış TCG KOCATEPE esminesinin ilk blokunun inşasına başlanıldığını açıqlayıb.

Tatlıoğlu deyib: “İkinci, üçüncü və dördüncü TEPE sinfinə məxsus hava hücumundan müdafiə müharibəsi esmineslərinin də ən qısa zamanda inşasına başlayacağıq”.

İSTANBUL sinfinə məxsus freqat proqramı ilə bağlı məlumat verən Tatlıoğlu ikinci, üçüncü, dördüncü və beşinci gəmilərin suya endirildiyini, altıncı, yeddinci və səkkizinci gəmilərin inşasının isə davam etdiyini qeyd edib.

Yerli platforma və sistemlərin inkişafı fəaliyyəti

Tatlıoğlu milli müdafiə layihələri çərçivəsində bir çox platformanın eyni vaxtda inşa edildiyini bildirib. Bu çərçivədə milli minaaxtaran gəmilər, milli hücum qayıqları, BAYRAKTAR sinfinə məxsus desant gəmiləri, dəniz patrul gəmiləri, milli sualtı qayıq və desant gəmisi layihələrinin davam etdiyini vurğulayıb.

Hazırda 37-si Hərbi Dəniz Qüvvələri Komandanlığına, 4-ü isə Sahil Təhlükəsizliyi Komandanlığına aid olmaqla ümumilikdə 41 hərbi gəminin inşa olunduğunu bildirən Tatlıoğlu deyib: “9 gəminin inşasına da çox qısa müddətdən sonra başlayacağıq. Beləliklə, eyni vaxtda 50 hərbi gəmini inşa edən vəziyyətdə olacağıq”.

İnsansız sistemlər və sursat imkanları

Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilən insansız sistemlərə də toxunan Tatlıoğlu pilotsuz uçuş aparatlarının aktiv şəkildə istifadə olunduğunu, pilotsuz dəniz vasitələri ilə bağlı zərbə imkanlarının inkişaf etdirildiyini bildirib.

Tatlıoğlu deyib: “İnventarımıza 5 tip insansız dəniz platformasını və 2 tip kamikadze insansız dəniz platformasını da daxil etdik”.

O, həmçinin sualtı qayıqlardan quru hədəflərinə qarşı istifadə oluna bilən ATMACA idarə olunan raketinin, milli torpedo AKYA-nın və milli dəniz minası MALAMAN-ın inventara qəbul edildiyini bildirib.

Yeni birliklər və əməliyyat fəaliyyəti

Tatlıoğlu son dövrdə yaradılmış amfibiya korpusunun həm ölkə daxilində, həm də ölkə xaricində tapşırıqlarda fəal rol aldığını bildirib, Sualtı Əməliyyat Komandanlığının isə xüsusilə Qara dənizdə nəzarətdən çıxan minaların, insansız dəniz və hava vasitələrinin məhv edilməsində fəaliyyət göstərdiyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tatlıoğlu   Türkiyə   HDQ  


Bizi "telegram"da izləyin