EJDERHA ilk dəfə Türkiyə Ordusunun inventarına qəbul edildi

2026/04/Ekran-1775762710.jpg
Oxunub: 625     23:18     09 Aprel 2026    
OTOKAR istehsalı olan ARMA 6x6 maşınına inteqrasiya edilmiş ASELSAN EJDERHA sistemi ilk dəfə Türkiyə Quru Qoşunları Komandanlığının inventarına daxil edilib.

Ordu.az xəbər verir ki, Türkiyə Quru Qoşunları Komandanlığı tərəfindən ASELSAN tərəfindən hazırlanmış müxtəlif sayda EJDERHA sisteminin yoxlama və qəbul fəaliyyətləri tamamlanaraq təhvili həyata keçirilib.

Müvafiq məlumat 2026-cı il aprelin 9-da keçirilən Türkiyə Milli Müdafiə Nazirliyinin həftəlik mətbuat məlumatlandırma toplantısı zamanı açıqlanıb.

Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə müşavir, nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk tərəfindən keçirilən toplantıda bununla bağlı aşağıdakı məlumatlar paylaşılıb:

“Quru Qoşunları Komandanlığımız tərəfindən müxtəlif sayda, ilk dəfə olaraq Elektron Dövrəli Əl İstehsalı Partlayıcı Qurğuların Aşkarlanması və Zərərsizləşdirilməsi Sistemi üzrə yoxlama və qəbul fəaliyyətləri tamamlanaraq inventara qəbul edilib”.

ASELSAN EJDERHA Radioelektron Mübarizə Sistemi

İnkişafı rəsmi “X” hesabından “İlk dəfə təhvilini həyata keçirdiyimiz ASELSAN EJDERHA qəhrəman “Mehmetçiyin” sahədəki təhlükəsizliyi üçün xidmət başındadır” ifadələri ilə elan edən ASELSAN-ın baş direktoru Ahmet Akyol IDEF-25 sərgisində təqdim edilən sistem haqqında əvvəlki dövrdə açıqlamalar vermişdi. Sistemin xüsusilə sürü hücumlarına qarşı təsirli olacağını bildirən və 2025-ci ilin sonuna olan vəziyyəti açıqlayan Akyol aşağıdakı fikirləri səsləndirmişdi:

“EJDERHA son dövrdə meydana çıxan sürü və FPV kimi təhdidlərə qarşı son dərəcə effektiv bir həlldir. Biz pilotsuz uçuş aparatlarının qarşısının alınması sistemlərində bir çox bacarıqlara malikik. “Soft-kill” adlandıra biləcəyimiz qarışdırma və aldatma sistemlərimiz var. Onların minlərlə nümunəsi dünyada geniş istifadə olunur. Yenə eyni şəkildə ağıllı sursat əsaslı KORKUT ailəmiz var, onun daha kiçik forması olan ŞAHİN var. Bunlarla əslində ciddi həllər ortaya qoyuruq. GÖKBERK lazer sistemimiz var, inventarda da istifadə olunur və eyni şəkildə onun yeni versiyalarını ortaya qoyduq. Bir də EJDERHA-nı ortaya qoyduq. EJDERHA-nın ən böyük üstünlüyü sürü hücumlarına qarşı möhtəşəm həll bacarığına malik olmasıdır. Xüsusilə müəyyən bir şüa daxilində pilotsuz uçuş aparatlarını sadəcə qarışdıran deyil, daxilindəki elektron sistemləri təsirsiz hala gətirən bir yanaşmadır.

Əlbəttə, biz bura 30-40 illik radioelektron mübarizə təcrübəsi ilə gəldik. Bu sahədə bizim Qalyum Nitrat (GaN) istehsal evimiz var. Yəni biz radioelektron mübarizə və radarda tranzistordan başlayacaq şəkildə layihələndirmə və istehsal bacarığına malikik. Eyni şəkildə yüksək güclü sistemlərin arxasında dayanan vakuum elektronikası texnologiyasında da çox ciddi təcrübələrimiz var. Əslində həm “Solid State”, həm də vakuum elektronikası sahəsindəki təcrübəmizi bu EJDERHA-da müxtəlif variantlarla ortaya qoyduq. Mən bunu deyə bilərəm: artıq aşağı saylı seriyalı istehsal mərhələsindəyik. Gələn il həmin seriyalı istehsaldan məhsullar çıxacaq. Addım-addım yeni bacarıqları, yeni funksiyaları ilə EJDERHA gələcəyin döyüş meydanında həm Türkiyədə, həm də dünyada mütləq oyun dəyişdirici bir məhsul olaraq geniş istifadəyə daxil olacaq. Buna əməyini verən bütün dostlarımıza da buradan təşəkkür edirəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: EJDERHA   Türkiyə  


Bizi "telegram"da izləyin