Ordu.az xəbər verir ki, Nilsen ABŞ Prezidenti Donald Trampın Arktika adası ilə bağlı son bəyanatına qarşı çıxıb.
Tramp çərşənbə günü İran müharibəsi fonunda münasibətlərin kritik həddə çatdığı bir vaxtda NATO-dan narazılığını ifadə edərək bildirib ki, ehtiyac olan vaxtda hərbi ittifaq orada olmayıb və Qrenlandiyanı hələ də xatırlayır.
“Böyük, pis idarə olunan buz parçası”, - deyə ABŞ prezidenti Arktika adası barədə bildirib.
“Bizim üçün İkinci Dünya müharibəsindən sonra qurulmuş qlobal icmanı qorumaq vacibdir. Orada bizim hörmət etdiyimiz müdafiə ittifaqı var və bütün tərəflər beynəlxalq hüquqa riayət edir”, - deyə Nilsen “Reuters” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib: “Hazırda bunlara meydan oxunur və hesab edirəm ki, bütün müttəfiqlər onları qorumaq üçün birləşməlidir. Ümid edirəm ki, bu baş verəcək”.
Bu ilin əvvəlində NATO müttəfiqləri artıq alyansın birliyini qorumağın yollarını axtarırdılar, Tramp isə Qrenlandiyanı NATO üzvü Danimarkadan almaq cəhdlərini yenidən gündəmə gətirmişdi. Nilsen cümə axşamı Trampın Qrenlandiya barədə səsləndirdiyi fikirlərə qarşı çıxış edib.
“Biz hansısa buz parçası deyilik. Biz 57 min nəfərdən ibarət qürurlu bir xalqıq və hər gün bütün müttəfiqlərimizə tam hörmətlə yanaşaraq məsuliyyətli qlobal vətəndaşlar kimi fəaliyyət göstəririk”, - deyə Qrenlandiyanın baş naziri bildirib.
Sevinc Əliyeva
Ordu.az