Xidmətin yaydığı məlumata əsasən, Avropa Komissiyası “zahirdə ABŞ-nin müdafiə çətirinə üstünlük verdiyini göstərir, lakin əslində vaxt qazanaraq Fransanın və Böyük Britaniyanın texnologiyalarına əsaslanan öz nüvə arsenalını yaratmağa çalışır”. Məlumatda xüsusilə vurğulanır ki, “mövcud imkanlar sayəsində Almaniya bir neçə həftə ərzində bir atom bombası yaratmaq qabiliyyətinə malikdir”.
Diqqət çəkir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Avropa İttifaqının “nüvə arsenalı yaratması” barədə bu məlumatı ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının əldə olunmasından bir neçə saat sonra yayıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Medvedev atəşkəs razılaşmasını ABŞ üçün “alçaldıcı” adlandırıb.
Görünür, Moskvada ciddi narahatlıq var ki, ABŞ prezidenti İranın irəli sürdüyü bəzi şərtləri qəbul edərək müharibəni dayandıra bilər. Daha əvvəl Rusiya prezidentinin köməkçisi Uşakov jurnalistlərə bildirmişdi ki, Ukrayna nizamlanması üzrə danışıqlarda “pauza” yaranıb. Əgər ABŞ İranla “sazişə” nail olsa və bu kompromis xarakterli olsa, Ukrayna məsələsində Putin Trampın dəstəyini itirə bilər. Bu perspektivin “qarşısını almaq” məqsədilə, görünür, Rusiya Avropa ilə münasibətləri nüvə toqquşması təhlükəsi səviyyəsinə qaldırır.
Asif Cəfərov
Ordu.az