İranla atəşkəs üç saat belə keçməmiş, İrandan İsrailə və Körfəz ölkələrinə doğru raketlər uçmağa başladı. Bu detal, real vaxt rejimində sənədləşdirilmiş fakt bu razılaşmanın davamlılığı barədə istənilən rəsmi bəyanatdan daha çox şey deyir. Fasilə sülh demək deyil. İslamabadda sıxılan əl yekun razılaşma deyil. 40 gündür müharibə aparan region iki hökumətin paralel sosial şəbəkə paylaşımları ilə dayanmaz.
Pakistanın Baş naziri Şehbaz Şərif və ordu başçısı general Asim Munir tərəfindən vasitəçilik edilən iki həftəlik atəşkəs, həqiqətən də, müsbət qarşılanmalıdır. Bu, hər iki tərəfi real humanitar və strateji nəticələrə səbəb ola biləcək uçurumdan geri çəkdi. Lakin vitse-prezident Cey Di Vens bunun “kövrək atəşkəs” olduğunu dedi. Bu administrasiyada bu barədə deyilən ən dürüst ifadə məhz budur. Bu ifadəni yadda saxlayın.
Atəşkəs əslində nə deyir?
Razılaşmaya əsasən, İran “texniki məhdudiyyətləri nəzərə almaqla” iki həftəlik müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçidə icazə verməyi öhdəsinə götürüb, “texniki məhdudiyyətləri nəzərə almaqla” ifadəsi İranın əlavə etdiyi şərtdir. ABŞ və İsrail bombardman əməliyyatlarını dayandırıb. Prezident Donald Tramp İranın 10 maddəlik təklifini “danışıqlar üçün işlək əsas” adlandıraraq bildirib ki, “əvvəlki mübahisəli məsələlərin demək olar ki, hamısı razılaşdırılıb”. Bu iddia diqqətlə yoxlanmalıdır. İranın tələblərinə bütün sanksiyaların ləğvi, ABŞ döyüş qüvvələrinin regional bazalardan çıxarılması, müharibə təzminatı, Hörmüzdən keçid üzərində İran nəzarəti və hər gəmi üçün 2 milyon dollar rüsum, eləcə də, ən vacibi, nüvə zənginləşdirmə hüququ daxildir. İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəsi Vaşinqton üçün “davamlı məğlubiyyət” adlandırıb. Tramp isə bunu “tam və qəti qələbə” kimi qiymətləndirib. Hər iki tərəf eyni razılaşmanı öz qələbəsi kimi təqdim edirsə, bu, əslində hər iki tərəfin mövqe tutduğu müddətdə hərbi əməliyyatların müvəqqəti dayandırılması deməkdir.
Çatlar artıq görünür
İsrail bu atəşkəs çərçivəsində Livanda öhdəlik götürməyib. Netanyahunun ofisi açıq şəkildə bildirib ki, razılaşma oradakı döyüşləri əhatə etmir və bu, Pakistanın atəşkəsin hər yerdə tətbiq olunduğu barədə ictimai açıqlamasına ziddir. “Hizbullah” heç bir açıqlama verməyib. İranda dəstəklənən İraq milisləri iki həftəlik əməliyyat fasiləsi elan edib, lakin bu bəyanat öz gündəliyinə malik qrupdan gəlib. Neft qiymətləri bu xəbərdən sonra 13 faiz düşüb. Bazarlar rahatlaşıb. Lakin ehtiyatlı da olmalıdır. Tək bir dəniz insidenti, proksi raket hücumu və ya kəşfiyyat səhvi bu razılaşmanı İslamabadda danışıqlar başlamazdan əvvəl çökdürə bilər.
Gizli qaliblər: Pekin və Moskva
Vaşinqton və Tehran danışıqlar apararkən iki digər paytaxt səssiz şəkildə qazancını hesablayır. Rusiya və Çin bu münaqişədə passiv müşahidəçi olmayıb, onlar fəal iştirakçı olub və atəşkəs bu hesablamanı dəyişmir.
Rusiyanın rolu bir neçə böyük media qurumu tərəfindən nəzərdən keçirilmiş kəşfiyyat məlumatlarında sənədləşdirilib. Rusiya peykləri martın son 10 günündə Yaxın Şərqin 11 ölkəsində 46 hərbi və infrastruktur obyektinə, o cümlədən Səudiyyə Ərəbistanındakı “Prince Sultan” bazası, Qətərdəki “Əl-Udeid” və “Dieqo Qarsiya” bazasına azı 24 müşahidə uçuşu həyata keçirib. Bu müşahidələrdən bir neçə gün sonra İran həmin obyektlərin bir çoxuna zərbə endirib. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın bu hədəf məlumatlarını Tehrana ötürdüyünə 100 faiz əmin idi. Prezident Vladimir Putinin məqsədi Zelenskinin sözlərinə görə “Yaxın Şərqdə uzun müharibə”dir.
Maliyyə motivi də aydındır. Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, Rusiya təkcə neft qiymətlərinin artması hesabına 2026-cı ildə 45 milyarddan 151 milyard dollara qədər əlavə büdcə gəliri əldə edə bilər, bu vəsait birbaşa Ukrayna müharibəsinin maliyyələşdirilməsinə yönəlir. Tramp administrasiyasının Rusiya neftinə tətbiq olunan sanksiyaları müvəqqəti yumşaltması bu qazancı daha da artırıb. Moskvanın İranın boğazdakı fəaliyyətindən qazandığı hər dollar Kiyevə qarşı müharibəni bir gün daha uzadır.
Çinin rolu daha incədir, lakin eyni dərəcədə hesablanmışdır. Atəşkəsdən sonra yayılan məlumatlara görə, Pekin Pakistan, Türkiyə və Misir kimi vasitəçilər üzərindən İranı danışıqlara təşviq edib. Çin nəticəni açıq şəkildə alqışlayıb. Bu, böhranın onun formalaşdırdığı şərtlərlə başa çatmasını istəyən gücün mövqeyidir. Kəşfiyyat məlumatları həmçinin göstərir ki, Çin İranı maliyyə yardımı, ehtiyat hissələri və “BeiDou” naviqasiya sistemi ilə təmin etmiş ola bilər ki, bu da analitiklərin fikrincə, İran raketlərinin dəqiqliyinin artmasını izah edir.
Tramp dəfələrlə Çini ABŞ üçün ən böyük uzunmüddətli təhlükəsizlik çağırışı kimi göstərib. Bu qiymətləndirmə doğrudur. Lakin son 40 günün strateji mənzərəsi narahatedicidir: Ər-Riyad üzərində buraxılan hər “Patriot” raketi Kiyev və ya Tayvan üçün bir ədəd az deməkdir. İslamabaddakı danışıqlara sərf olunan hər həftə Pekinin sınağa çəkdiyi Hind-Sakit okean çəkindirmə sisteminin möhkəmləndirilməsinə sərf olunmayan vaxtdır. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutu açıq şəkildə qeyd edib ki, Putin ümid edir “İrandakı ardıcıl böhranlar ABŞ-ni Ukrayna müharibəsində ona təzyiq göstərməkdən yayındıracaq”. Moskva və Pekin bir şeyi yaxşı anlayır: düşməninin düşməni sənin strateji fürsətindir.
Nüvə məsələsi bütün oyunun mərkəzindədir
2024-cü ildə yazılan “Üçüncü dünya müharibəsinə hazırlıq: sabahı yenidən formalaşdıracaq qlobal münaqişə” kitabında qeyd edilib ki, İranın nüvə ambisiyaları bu münaqişənin əsas hərəkətverici qüvvəsidir. Bu məsələni həll etməyən atəşkəs ən təhlükəli mərhələni sadəcə təxirə salır, həll etmir. Tramp bildirib ki, İranın uranı “tam nəzarət altına alınacaq”, lakin razılaşmanın zənginləşdirməyə icazə verib-vermədiyini təsdiqləməyib. İran mediası bunun icazə verildiyini yazıb. İngilisdilli versiyada isə bu maddə yer almayıb. Bu, tərcümə problemi deyil. Bu, müharibələrə səbəb olan əsas boşluqdur. Keçmiş batalyon komandirim Kolin Pauellin “sındırırsansa, məsuliyyətini dəşıyırsan” qaydası diplomatiyada da keçərlidir. Əgər başlıqlar üçün bu məsələni ört-basdır etsək, zənginləşdirmə yenidən başlayanda bütün nəticələrin məsuliyyəti bizim üzərimizdə olacaq. Mollalar 2015-ci ildə də eyni oyunu oynayıb. Bu çərçivədə fərqli nəticə olacağını göstərən heç nə yoxdur.
Nəticə
Fəlakətin qarşısının alınması kiçik məsələ deyil. Lakin əsas problemlər qalır: İranın nüvə proqramı, onun proksi şəbəkəsi, regional ambisiyaları və Rusiya ilə Çinin pərdəarxasında hər addımı öz xeyrinə hesablaması. Növbəti iki həftə göstərəcək ki, tərəflər ciddi danışıqlar aparıb, yoxsa hər biri fasilədən növbəti qarşıdurma üçün istifadə edib. Qeyri-sabit regionda kövrək atəşkəs və iki böyük gücün fon fəaliyyəti son nöqtə deyil. Bu, qərar anıdır. Ondan düzgün istifadə edin.
Sevinc Əliyeva
Ordu.az