Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Nazirliyin sosial media hesabında yayımlanan məlumatda bildirilib ki, təlim çərçivəsində naviqasiya və gəmiçilik təlimləri ilə yanaşı, çoxsaylı əməliyyat ssenariləri uğurla icra olunub.
Məlumata görə, 4-6 aprel tarixləri arasında asimmetrik təhdid şəraitində limandan çıxış, sürüklənən minaların aşkarlanması və zərərsizləşdirilməsi, çox dayaz sularda mina əleyhinə tədbirlər, suüstü atışlar, quru bombardmanı, amfibiya hücum əməliyyatı və sualtı qayıqlara qarşı müdafiə təlimləri həyata keçirilib. Həmçinin ANKA və AKSUNGUR pilotsuz uçuş aparatlarının rabitə retranslyatoru kimi istifadəsi sınaqdan keçirilib.
Milli Müdafiə Nazirliyi təlimin növbəti mərhələlərində dənizdə yanacaq doldurma, hava kontaktlarının izlənməsi və hava hücumundan müdafiə təlimlərinin davam etdiriləcəyini bildirib.
Təlimdə Dəniz Qüvvələri Komandanlığı ilə yanaşı Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Komandanlığının bölmələri iştirak edir. Fəaliyyət çərçivəsində 120 gəmi, 50 hava vasitəsi və təxminən 15.000 şəxsi heyət iştirak edir.
Dəniz vasitələri arasında bir amfibiya hücum gəmisi, freqatlar, korvetlər, raket katerləri, sualtı qayıqlar və mina axtaran gəmilər yer alır, hava vasitələri arasında isə dəniz patrul təyyarələri, hücum helikopterləri və zərbə tipli pilotsuz uçuş aparatları mövcuddur.
Təlimin əsas məqsədinin iştirak edən bölmələrin əməliyyat hazırlıq səviyyəsini artırmaq, komanda-idarəetmə proseslərini yoxlamaq və çox təhdidli mühitdə qərarvermə qabiliyyətlərini inkişaf etdirmək olduğu bildirilib. Həmçinin, qüvvələrarası və qurumlararası birgə fəaliyyət qabiliyyətinin artırılması hədəflənir.
Sevinc Əliyeva
Ordu.az