Ordu.az xəbər verir ki, bu çərçivədə “Lockheed Martin” ilə 11,4 milyon dollar dəyərində əlavə müqavilə imzalanıb.
Proqram təminatı üçün yeni müqavilə
2026-cı il aprelin 7-də elan olunan müqavilə dəyişiklikləri mövcud kontrakta 11,4 milyon dollar əlavə maliyyə ayrılmasını nəzərdə tutur. Layihənin tam maliyyələşdirilməsi Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində İsrail tərəfindən həyata keçirilir.
Müqavilə “Naval Air Systems Command” tərəfindən icra olunur və işlərin böyük hissəsinin ABŞ-də Texas ştatının “Fort Worth” şəhərindəki müəssisələrdə görüləcəyi bildirilib. Layihənin 2030-cu ilin martında başa çatdırılması planlaşdırılır.
Üç yeni proqram təminatı paketi hazırlanacaq
Razılaşma çərçivəsində “Lockheed Martin” F-35 platforması üçün üç yeni proqram təminatı məlumat paketi hazırlayacaq. Bu paketlər mövcud proqram təminatı bazası üzərində qurulan və əməliyyat istifadəsi üçün optimallaşdırılan “productionized plus builds” kimi xarakterizə olunur.
F-35 qırıcı təyyarələri radar emalı, sensor birləşməsi, silah istifadəsi və radioelektron mübarizə kimi kritik tapşırıqları idarə edən milyonlarla sətrdən ibarət mürəkkəb proqram təminatı arxitekturası ilə seçilir. Bu səbəbdən proqram təminatı yenilənmələri platformanın əməliyyat effektivliyi baxımından mühüm rol oynayır.
İsrailə məxsus inteqrasiya prosesi
İsrailin F-35 proqramı standart konfiqurasiyalardan fərqli olaraq milli sistem və proqram təminatlarının inteqrasiyasını əhatə edir. “Adir” adlandırılan İsrail F-35-ləri yerli sistemlərlə uyğunlaşdırılaraq fərdiləşdirilir.
Bu çərçivədə həyata keçirilən Sistem İnkişafı və Dizayn Faz II işləri həm proqram təminatının hazırlanmasını, həm də sistem mühəndisliyi fəaliyyətlərini əhatə edir. Sözügedən müqavilə də bu prosesin bir hissəsi kimi qiymətləndirilir.
Əməliyyat tələbləri müəyyənedici amildir
İsrailin hazırda sifariş etdiyi 75 F-35 təyyarəsindən 48-ni aktiv şəkildə istifadə etdiyi və platformanı əməliyyat tapşırıqlarında tətbiq etdiyi məlumdur.
Rəsmilər bildirirlər ki, bu cür proqram təminatı inkişafı işlərinin məqsədi təyyarələrin aktual təhdidlərə qarşı effektivliyini qorumaq, yeni silah sistemlərini tətbiq etmək və müttəfiqlərlə uyğun fəaliyyət imkanlarını saxlamaqdır.
Sevinc Əliyeva
Ordu.az