Ordu.azxəbər verir ki, bu barədə “Politico” sərəncamında olan Rusiya hökumət sənədlərinin surətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto və Rusiyanın səhiyyə naziri Mixail Muraşko ötən ilin dekabrında Moskvada keçirilən danışıqlardan sonra 12 bəndlik əməkdaşlıq proqramını imzalayıblar.
Qeyd olunub ki, sazişin mətni daha əvvəl açıqlanmayıb.
Sənəd nüvə yanacağı, təhsil, idman və digər sahələri əhatə edir.
2025-ci il dekabrın 9-da Moskvada keçirilən görüş 2005-ci ildə yaradılmış Rusiya-Macarıstan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 16-cı iclası olub.
Komissiya təxminən ildə bir dəfə toplaşır, yalnız 2021-ci ilin noyabrındakı 14-cü və 2024-cü ilin sentyabrındakı 15-ci iclaslar arasında fasilə yaranıb.
Sənədlərin məzmunu ilə bağlı suala cavab verən Siyarto bildirib ki, “Macarıstanın ikitərəfli əməkdaşlığı liberal medianın təzyiqi ilə deyil, milli maraqlarla müəyyən olunur”.
Rusiyanın Xarici İşlər Nazirliyi isə “Politico”nun sorğusuna cavab verməyib.
Əldə olunan razılaşmalar sırasında Rusiyaya qarşı Aİ sanksiyalarından sonra yaranmış “ikitərəfli ticarətdə mənfi tendensiyanı çevirmək” öhdəliyi də var.
Saziş Rusiyanın şirkətlərinə Macarıstanda elektrik enerjisi və hidrogen sahələrində layihələr həyata keçirmək, həmçinin neft, qaz və nüvə yanacağı sahəsində əməkdaşlığı genişləndirmək imkanı verir.
Macarıstan Rusiyadan müəllimlərin cəlb olunması və akademik mübadilə proqramlarının genişləndirilməsi yolu ilə rus dilinin tədrisinin gücləndirilməsi imkanını araşdırmağa da razılaşıb.
Tərəflər idman və sirk sənəti sahələrində mübadilələri dəstəkləyib, həmçinin 2026-2027-ci illər üzrə əməkdaşlıq proqramı barədə razılığa gəliblər.
Sənədlərdən birində vurğulanır ki, Rusiya ilə yaxınlaşma Macarıstanın Avropa İttifaqının üzvü kimi öhdəliklərinə “zidd olmamalıdır”.
Sevinc Əliyeva
Ordu.az